Ermənistan sammitin təxirə salınmasını 'istəməyib'

Yuri Khachaturov KTMT-nin baş katibi vəzifəsini ötən ay tərk edib

Ermənistan KTMT sammitinin təxirə salınmasını xahiş etməyib. Bunu baş nazirin vəzifələrini icra edən Nikol Pashinian-ın sözçüsü deyir.

Arman Egoian dekabrın 4-də AzadlıqRadiosu-na bu haqda danışıb. Ondan bir neçə saat öncə isə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yury Ushakov Moskvada jurnalistlərə deyib ki, sammit Ermənistanın xahişilə qeyri-müəyyən vaxta təxirə salınır.

Egoian isə deyir ki, Pashinian əsl səbəbi daha öncə jurnalistlərə izah edib.

Pashinian dekabrın 2-də demişdi ki, sammit KTMT-nin yeni baş katibinin seçilməsi üzrə razılıq olmadığından ertələnib.

***

Kreml bildirir ki, Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) dekabr ayında keçirilməli olan sammitini təxirə salır.

Yury Ushakov

Rusiya prezidentinin köməkçisi Yury Ushakov dekabrın 4-də bildirib ki, bu addım Yerevanın ricası ilə Ermənistanda dekabrın 9-da keçiriləcək parlament seçkisinə görə atılıb.

Ushakov Moskvada jurnalistlərə deyib ki, sammit dekabrın 6-da keçirilməli idi, lakin böyük bir ehtimalla gələn il keçirləcək.

Ermənistan hazırda KTMT-nin rotasiyalı sədr ölkəsidir. Bu təşkilata habelə Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

KTMT-nin baş katibi Yuri Khachaturov 2008-ci ildə Ermənistanda konstitusiya quruluşunu devirmək cəhdində rəsmən ittiham olunduqdan sonra ötən ay vəzifəsini tərk edib.

2008-ci ilin mart hadisələri baş verəndə Khachaturov Ermənistan müdafiə nazirinin müavini idi.

Ushakov deyib ki, rusiyalı Valery Semerikov KTMT baş katibinin əvəzi kimi fəaliyyət göstərəcək.