Moskvada Suriya Kürdüstanının nümayəndəliyi açılıb

Açılış mərasimində

Suriya kürdlərinin Moskva nümayəndəliyində asılmış xəritədə Rojava və ya Qərbi Kürdüstanın Azərbaycanla həmsərhəd olduğu görünür.

Rusiya mediasında yayılmış xəbərlərə görə Moskvada “Suriya Kürdüstanının nümayəndəliyi” açılıb.

Kürdlərin özləri bu ərazini Qərbi Kürdüstan və ya Rojava adlandırırlar.

Xəbər verilir ki, söhbət Moskvanın cənub-şərqindəki sənaye rayonunda, bir zavodun binasında açılmış ofisdən gedir.

Maraqlıdır ki, açılış mərasiminə çox sayda jurnalist gəlsə də, hökumət rəsmiləri tədbirə qatılmayıblar.

Buna baxmayaraq, açılış mərasiminin ardınca keçirilən ziyafətdə Suriya Kürdüstanının Avropa ölkələrindəki nümayəndəsi Senam Muhammed Rusiya hakimiyyət orqanlarına Moskva şəhərində nümayəndəliyin açılması üçün şərait yaratdığına görə təşəkkürünü bildirib.

Rəsmi Moskva özünü o yerə qoymur

Rusiya qəzetləri yazırlar ki, nə banketdə, nə də açılışda Rusiya rəsmilərinin iştirak etməməsinə baxmayaraq, rəsmi dairələrdə bu məsələ hələ ötən oktyabrdan müzakirə edilirdi.

O vaxt bu barədə Rusiyanın “Kommersant” qəzeti yazmışdı. Qəzet adının çəkilməsini istəməyən türk diplomata istinadən Ankaranın belə bir hərəkətin qəti əleyhinə olduğunu bildirmişdi.

“Lakin ötən oktyabr ayından fərqli olaraq təyyarə insidentindən sonra Moskva Ankaranın nəyisə bəyənib, nəyisə bəyənmədiyinə çox da məhəl qoymur” – yazır BBC Rus xidmətinin müxbiri.

Mərasimdə iştirak edən kürd rəsmilər ofisin açılışının hər hansı bir konkret vəziyyət və ya hadisə ilə bağlı olmadığını vurğulayıblar.

Onlar bildiriblər ki, ofis Moskvada qeyri-kommersiya subyekti kimi fəaliyyət göstərəcək.

Suriya Kürdüstanı Azərbaycanla “həmsərhəddir”

Kürd İctimai Birlikləri Beynəlxalq İttifaqının rəhbəri Merab Şamoyev jurnalistlərə deyib ki, nümayəndəliyin əsas funksiyası Qərbi Kürdüstanın problemlərini Rusiyanın siyasi partiyaları, Dövlət Dumasındakı fraksiyalar və insan haqları təşkilatları ilə müzakirə etməkdir.

Moskva nümayəndəliyində asılmış xəritədə Rojava və ya Qərbi Kürdüstanın Azərbaycanla həmsərhəd olduğu görünür

Suriya kürdlərinin Moskva nümayəndəliyində asılmış xəritədə Rojava və ya Qərbi Kürdüstanın Azərbaycanla (Naxçıvan) həmsərhəd olduğu görünür

Rusiyadakı kürdlərin federal milli-mədəni muxtariyyətinin rəhbəri Fərhad Patiyev bildirib ki, bu nümayəndəlik müstəsna olaraq Suriya kürdlərini təmsil edəcək.

Onun sözlərinə görə, Türkiyə və İraq kürdləri üçün buna oxşar nümayəndəliklərin açılması zərurəti ayrıca müzakirə oluna bilər.

Senam Muhammed isə əlavə edib ki, buna bənzər daha bir nümayəndəlik Berlində açılacaq və həmin ofis Avropa miqyasında koordinasiya işlərini aparacaq.

Suriya kürdlərinin Moskva nümayəndəliyində asılmış xəritədə Rojava və ya Qərbi Kürdüstanın Azərbaycanla (Naxçıvan) həmsərhəd olduğu görünür.

Moskva və Vaşinqton, bir də Suriya kürdləri

Kürd təhlilçilər bildirirlər ki, Rusiya və ABŞ arasında, xüsusilə də Suriyanın gələcəyinə dair bir çox fikir ixtilafları yaşanıb, lakin deyəsən, Suriya kürdləri məsələsində heç bir mövqe ayrılığı yoxdur.

Erdoğan: "Biz yazılı sübut veririk! Biz amerikalılara deyirik ki, bu terrorçu qrupdur, lakin amerikalılar deyirlər: “yox biz onları terrorçu hesab etmirik”

Təhlilçilər deyirlər ki, ABŞ Suriya ərazisində İŞİD-ə qarşı fəal döyüşən qüvvə kimi yalnız kürdlərlə hesablaşır və onları haradasa müttəfiq hesab edir.

Məhz bu səbəbdən də Türkiyə prezidenti Recep Tayyib Erdoğan Vaşinqtonu Suriya kürdlərinə dəstək verməkdə ittiham edib.

Türkiyə hesab edir ki, Suriya kürdlərinin Demokratik İttifaq Partiyası (PYD) qadağan olunmuş Kürdüstan İşçi Partiyası və ya PKK-nın qoludur və ABŞ bu təşkilatı da “terrorçu” qrup kimi tanımalıdır.

"Biz yazılı sübut veririk! Biz amerikalılara deyirik ki, bu terrorçu qrupdur, lakin amerikalılar deyirlər: “yox biz onları terrorçu hesab etmirik” - deyib Erdoğan.

Erdoğanın müttəfiqi kimdir?

Türkiyə prezidenti bəyan edib ki, belə bir şəraitdə region “qan dənizinə” dönəcək və buna görə bütün məsuliyyəti ABŞ daşıyacaq.

Erdoğan ABŞ-ın İŞİD üzrə xüsusi elçisi McGurk-ün Kobaniyə səfərini də yada salıb:

“O Cenevrə danışıqlarının açıldığı bir vaxtda, Kobaniyə gedib və YPG kürd generalından mükafat alıb”.

Türkiyə prezidenti ABŞ-a müraciətlə deyib:

“Sənin müttəfiqin mənəm, yoxsa Kobanidəki terrorçular?”

ABŞ hələlik Erdoğanın suallarına cavab verməyib.