Tarantinodan 20 rejissorluq məsləhəti

Kventin Tarantino

nofilmschool.com saytı Kventin Tarantinonun müsahibələrini təhlil edərək onun rejissorluqla bağlı verdiyi 20 məsləhətin toplusunu hazırlayıb.

1. Auditoriyanın emosiyalarının dirijoru olun. Rejissor öz hekayəsinin maestrosudur. O, auditoriyanın hisslərini bu və ya digər tərəfə yönləndirmək üçün lazım olan element və istiqamətləri əlavə edə bilir.

2. Ssenarinizi oxucu üçün yazın. Əsas məqsədiniz o olmalıdır ki, oxucu sizin ssenarinizi əlindən yerə qoymasın. Öz səsinizlə hekayəni daha aydın və əyləncəli hala gətirin.

3. Sizin yeganə vəzifəniz qəhrəmanlarınıza sadiq olmaqdır. Qəhrəmanlarımızın istək və məqsədlərini bilin. Heç vaxt onların bu istək və məqsədlərdən kənar hərəkət edib insanları çaşdırmasına imkan verməyin.

4. Ssenarist/rejissor kimi sizin işiniz viziona malik olmaqdır. Bu məsələdə güzəşt etməyin. Hekayələri necə göstərmək istədiyinizlə bağlı öz yolunuz olsun.

Buna da bax: Tarantinonun ssenarisini yazdığı, amma izləmədiyi film

5. Ssenarini o qədər şəxsiləşdirin ki, onu paylaşanda utanasınız. Siz öz anlayışınız və reallığınız prizmasından yazmalısınız.

6. Əgər kinonu, həqiqətən, sevirsinizsə, pis film çəkə bilməzsiniz. Bütün ideyalarınız istədiyiniz kimi işləmir. Ancaq əgər siz prosesi, həqiqətən də, sevirsinizsə, edə biləcəyiniz tək şey ondan öyrənərək yola davam etməkdir.

7. Yazanda həzz alın. Sizə ödənəcək məbləğ bundan asılı olanda həzz almaq haqda düşünmək çətin olur. Ancaq həzz alın. Özünüzün dalmaq, qərq olmaq istədiyiniz hekayələr yazın.

8. Personaj hər şeydən öndə gəlir. Personajlarınız səhifələrdən çıxıb aktyorları cəlb etməlidir. Onlar həm də auditoriyanı maraqlandırmalı və nigaran qoymalıdır.

9. Ssenarinizi dostlarınıza ucadan oxuyun. Çox vaxt qaçırılan bu imkan söz seçimi və kəsilməli olan hissələrə təsir edə bilər.

10. Personajınızı diqqətlə yaradın, sonra isə onun sizin əlinizdən tutub aparmasına imkan verin. Personajı tanıyandan sonra onu izləyin, onun getdiyi yerə gedin. Qoy onların impulsları səhnənin axınına bələdçilik etsin.

Buna da bax: Tarantinonun tövsiyə etdiyi 4 roman

11. Hekayə daim açılan bir şeydir. Heç vaxt auditoriyanıza yeni təcrübə və məlumat verməyi dayandırmayın. Qoyun hekayə öz sonuna çatanadək açıla-açıla yola davam etsin.

12. Detektivə rezin lent kimi baxın. Nə qədər dartılıb uzansa müəmması o qədər çox olacaq. Filmdəki insanlar, səhnələr və gərginliklə oynayaraq auditoriyanı davamlı nigarançılıq içində saxlayın.

13. Personajlarınıza mənəvi seçimlər verin və verilən qərarlara görə nəticələr formalaşdırın. Qəhrəmanların bir kənddə xoşbəxt yaşadığı kino film deyil. Onları sınağa çəkin, hərəkət etməyə məcbur edin. Onların çətin vəziyyətlərin öhdəsindən gəlməli olduğu səhnələr yaradın.

14. Özünüzün həzz ala bildiyiniz yazı prosesi yaradın. Yazmaq üçün vaxt ayırın. Sadəcə başqalarının məsləhətlərinə qulaq asmayın. Hekayə nə zaman gəlib sizi tapacaq? Bunun üçün nə qədər iş görməlisiniz? İdeyaların axınını təmin etmək üçün lazım olan hər şeyi edin. Sizi xoşbəxt edən şeyləri yazın.

15. Hekayənin keçmişini nəql edən səhnələrə bəzi ip ucları yerləşdirin. Qoy auditoriyanın hər üzvü bunun nə demək olduğuna özü qərar versin. Hər şeyi qaşıqla auditoriyanın ağzına qoymayın. Qoyun özlərini işə versinlər və baş verənlərə beyin sərf etsinlər. Qoyun səylə suallarının cavablarını axtarsınlar.

Buna da bax: Bütün dövrlərin ən yaxşı 12 ssenaristi

16. Elə edin ki, ssenariniz özü-özlüyündə bir sənət əsəri olsun. Səsiniz o qədər inkarolunmaz olsun ki, prodüser və rejissorlar başqa layihələrdə də sizinlə işləmək istəsinlər.

17. Öz filmlərinizi çəkin — sizin kino məktəbiniz budur. Kino məktəbi lazım deyil. Çəkin.

18. Maraqlı personajlar yaratmaq üçün əxlaqı bir tərəfə qoyun. Başqa insanların nə deyəcəyi haqda düşünməyin. Onlar kimdir? Nə istəyirlər? Qoyun ssenarinizdə yaxşı və pis niyyətli insanlar olsun.

19. Uğurlu olmağın tək yolu gözəl film çəkməkdir. Rejissor olmaq istəyirsinizsə, film çəkin. Filmlərinizin hamısı ideal olmayacaq. Ancaq uğurlu olanları sizinlə əməkdaşlıq edəcək fanatları doğuracaq.

20. Yüksəklikdə olanda işinizə son verin. Təqaüdə çıxıb başqalarını öyrədin.