Kəlbəcərdə minalanan ərazinin aşkarlandığı bildirilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Minalı ərazilərin xəritəsini Ermənistandan necə almalı?

Azərbaycan Ombudsman Aparatı ölkənin işğaldan azad edilən Kəlbəcər rayonunda minaların aşkarlanması ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Kəlbəcər rayonunda yerləşən dağların ətəklərindəki qar əriməyə başladıqdan sonra belə bir mənzərənin şahidi olunub: "Azərbaycanın bu əzəli torpaqları işğal altında olarkən Ermənistan silahlı qüvvələri tərəfindən yüzlərlə, hətta minlərlə mina yerləşdirilmişdir və bu minalar, sözün əsl mənasında, hər addımbaşı basdırılmışdır...".

Məlumatda vurğulanmasına görə, Azərbaycanın artıq onlarla hərbi qulluqçusu və mülki şəxsləri bu işarələnməmiş mina partlayışlarının qurbanı olub: "...Azərbaycanlı məcburi köçkün hələ də Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi səbəbi ilə öz yurdlarına qayıda bilmir, belə ki onların həyat və sağlamlıqları hələ də təhlükə altındadır. Bu, Ermənistan tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasının və beynəlxalq hüquqa açıq-aşkar etinasızlığın sübutudur".

Azərbaycanın rəsmi qurumları da bildirirlər ki, üçtərəfli 10 noyabr sazişinin imzalanmasından bəri 20-dən çox vətəndaşları mina partlaması nəticəsində həlak olub, 100-ə yaxını isə müxtəlif xəsarət alıb.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.