Kənduvan - İran Azərbaycanında qayalıqlarda ovulmuş kənd

Söhbət Kənduvandan gedir - Təbrizdən 58 kilometr məsafədə, dağların arasında yerləşən bir köydən. 

Üskü bölgəsinə tabe olan bu kəndə getmək o qədər də çətin deyil. Təbrizdən, Urmiyadan və Cənubi Azərbaycanın başqa vilayətlərindən bura marşrut xətti işləyir. 

Kənduvanda 200-ə yaxın ev var. Əhalisi də 1000-ə çataçatdadı

Bu kənd ovuc içi boyda olsa da, gəzməklə bitmir. Tin-dalanlar, üzü yonulmuş qayalıqlar adamı orta əsrlərə aparır. 

Kənduvanda tam patriarxatlıq hökm sürür. Qadınlar toxuculuqla məşğul olur, kişilər mal-qaraya baxır, düzən torpaqları əkib-becərir, arıçılıqla məşğul olur, yaya - turistlərin gəlişinə hazırlıq görürlər.

Buradakı evlərin 800-1000 il yaşı var. İnsanlar ulu babalarını – bu evdə ilk dəfə yaşamış insanların adını belə unutmayıblar. Hətta beyinlərində rəsmlərini də çizib övladlarına ötürüblər

Yayı sərin, qışı çovğun keçən bu kənddə həyat istilər düşəndə başlayır. İlin 7-8 ayı başı qarlı dağlar kimi donur.

Kənduvanlılar Azərbaycan dilində danışsalar da, şivələri təbrizlilərdən, Üskü bölgəsində yaşayan sakinlərinkindən fərqlənir.