Laçın şəhərindən yan keçəcək yeni yol 3 aya hazır olmalıdır

Sizin brauzer HTML5-i dəstəkləmir

Laçından reportaj (Dekabr, 2020)

Laçın şəhərindən yan keçməklə tikilən avtomobil yolu bu ilin iyun ayına qədər istifadəyə veriləcək.

Bunu "Turan"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildiriblər. Məlumata görə, artıq 28 kilometrlik yolun 17 kilometri çəkilib və Həkəri çayının üzərində bir körpü tikilib.

2020-ci ilin sonlarından Azərbaycan rəsmiləri bildirmişdilər ki, üç il ərzində Laçın rayonundan Xankəndinə yeni yolun inşası nəzərdə tutulur. 2020-ci il dekabrın 1-də isə Prezident İlham Əliyev Laçın şəhərindən yan keçəcək yeni yolun inşasının planından danışaraq bunları söyləmişdi: "Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq".

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.