Laçında komanda-qərargah təlimi başlayıb

Laçın rayonunda Azərbaycan-Türkiyə birgə təlimi. Foto arxiv

Bu gün, oktyabrın 19-da Laçında komanda-qərargah təlimi başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun həyata keçirilir: "Təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur. Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsi ilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır".

Laçın rayonu ötən il 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçib. Amma bu rayondan keçən (Laçın şəhərindən) və Ermənistanla Qarabağı birləşdirən eni 5 kilometrlik dəhlizə Azərbaycan yox, Rusiya nəzarət edir. Ümumilikdə, həmin müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizi yaradılıb, orada və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xatırlatma

Müasir mərhələdə (kökü 20-ci əsrin əvvəllərinə dayanır) Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.