Latviyada kremlpərəst fəal 3 il azadlıqdan məhrum edilib

Riqadakı Rusiya səfirliyinin qarşısında avtobus

Latviyada məhkəmə kremlpərəst fəal Yelena Kreyleni 3 il azadlıqdan məhrum edib. O, Rusiyanın Ukraynada hərbi cinayətlərini açıq şəkildə əsaslandırmaqda təqsirli bilinib. Məlumatı Latviyanın "Jauns" və "Delfi" agentlikləri yayıb.

"Kreyle Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətləri, o cümlədən soyqırımı, bəşəriyyətə, dünyaya qarşı cinayətlərini, eləcə də SSRİ-nin Latviyada törətdiyi hərbi cinayətləri açıq şəkildə əsaslandırmaqda ittiham olunur", -- "Delfi" yazır.

İttihamnamədə deyilir ki, Kreyle 2023-cü il martın 7-dən iyunun 15-dək Rusiyaya dəstəyini açıq ifadə edib – evinin pəncərəsindən Rusiyanın əldəqayırma bayraqlarını asıb, onlardan birində "Putin mənim dostumdur" sözləri yazılıb.

Qadın pəncərələrə Rusiyanın bayrağında əks olunmuş üç rəngdə lentlər yapışdırıb. Qırmızı rəngli plakatda Rusiyanın gerbi, "Rusiya DİN" yazılıb. Dörd qadının göründüyü plakatda isə qadınlardan biri qırmızı rəngli paltarda, SSRİ-nin simvolları sayılan oraq-çəkiclə əks olunub. Arxa fonda Rusiyanın bayrağı yer alıb.

Bundan başqa Kreyle mütəmadi olaraq müxtəlif ictimai tədbirlərdə görünüb, Rusiyanın Ukraynaya təcavüzünə dəstəyini müxtəlif əşyalar və aksesuarlarla bildirib, - Delfi qeyd edir.

Kreyle özünü təqsirli bilmir.

"Jauns" yazır ki 2023-cü ilin payızında Riqa şəhər Məhkəməsi Kreyleni Rusiyanın hərbi cinayətlərini əsaslandırmaqda təqsirli bilərək 1 il şərti cəza kəsib. Ancaq prokurorluq bu hökmdən şikayət verib, cəzanın ağırlıq dərəcəsi ilə razılaşmayıb.