Prezident Lavrovu qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 19-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, qonaqları salamlayan prezident İlham Əliyev deyib ki, biz ölkələrimizin dövlətlərarası münasibətlərindən çox məmnunuq:

“İki ölkə arasında ticarət dövriyyəsi artıb”

“Bu münasibətlər praktiki olaraq bütün sahələri əhatə edir və çox yaxşı dinamikliyə malikdir. Bütün bunlar göstərir ki, münasibətlər yüksək səviyyədədir. Biz artıq bunu çoxdandır strateji tərəfdaşlar arasında münasibətlər kimi səciyyələndiririk. Əminəm ki, gələcəkdə əməkdaşlıq potensialını gücləndirəcəyik”

İlham Əliyev vurğulayıb ki, bu il iki ölkə arasında ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşu artıb:

“Nəqliyyat sahəsində yeni imkanlar açılır. Biz bu istiqamətdə, energetika sahəsində fəal işləyirik. Əlbəttə, humanitar sahə də bizim ənənəvi əməkdaşlıq sahəsidir. Düşünürəm ki, bizim münasibətlərimiz bütün qonşular və tərəfdaşlar üçün nümunə ola bilər”

İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə də toxunub:

“Əlbəttə, bu gün həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır”.

“Dağlıq Qarabağ münaqişəsində irəliləyişi təmin etməkdə maraqlıyıq”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da deyib ki, iki ölkə arsında ticarət dövriyyəsi bu ilin ilk 9 ayında ən azı 60 faizdən çox artıb:

“Bu da iki il əvvəl özünü göstərən ticarət dövriyyəsinin azalması tendensiyasının qarşısını almaq və investisiya qoyuluşu sahəsində tempi artırmaq istiqamətində çox ciddi addımdır.

Biz diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar həmkarımla qarşılıqlı səfərlər etmişik. Moskvada arxiv sənədlərinin sərgisi keçirilib. Sabah bu tarixə həsr edilmiş əlavə tədbir keçirəcəyik. “ADA” Universitetində çıxış etmək dəvətinə görə təşəkkürümü bildirmək istəyirəm. Sabah məmnuniyyətlə bunu edəcəyəm. Həqiqətən də bizi birləşdirən əlaqələr çoxdur. Bir yaxşı nümunə: lap bu yaxınlarda Moskvada bizim kosmik proqramımızın banilərindən biri, SSRİ-nin Pilotlu Uçuşlar üzrə Dövlət Komissiyasının sədri Kərim Kərimovun 100 illiyi qeyd edilirdi. Düşünürəm ki, tariximizin bu cür dövrləri bizi əvvəlki kimi birləşdirməli və yeni qarşılıqlı münasibətlərimizə göstərici olmalıdır. Biz, əlbəttə, mənim həmkarımla beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətimizdən danışacağıq”

S. Lavrov da Qarabağ münaqişəsindən bəhs edib:

“Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıyıq. Burada biz sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır. Bu qəbula görə bir daha sağ olun.

Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 19-u Azərbaycana gəlib.

Bu səfər çərçivəsində Sergey Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov da görüşü gözlənir.

Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçirilməlidir.