Laçında iki hərbçi həlak olub

Laçın rayonu (Arxiv fotosu)

İyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində Azərbaycan hərbçilərinin həlak olduğu deyilir.

Bu barədə "Turan" İnformasiya Agentliyinə Azərbaycan Müdafiə Nazirliyindən də bildirilib.

Məlumata görə, "KamAZ" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Coşqun Zeynallı və əsgər Orxan Rəhimli həlak olublar.

Faktla əlaqədar cinayət işi açıldığı, araşdırma aparıldığı deyilir.

Amma bu məlumata hələlik, həmin hərbi quluqçuların ailə üzvlərindən münasibət almaq mümkün olmayıb.

Laçın rayonu Ermənistanla sərhəddə yerləşir və uzun müddət işğal altında olub.

Buna da bax: Moskvada Ermənistanda ‘yeni Rusiya bazasına’ dair danışıqlar gedir?

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonun bir hissəsi daxil) nəzarəti ələ alıb.

Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.