Lənkəran sakini: 'Sel az qalmışdı uşaqları aparsın'

Sizin brauzer HTML5-i dəstəkləmir

Lənkəran və Astarada həyətləri su basıb

Noyabrın 12-də gecə saatlarında sel suları Lənkəran rayonunun bir çox kəndlərində fəsadlar törədib. Selin ən çox iz buraxdığı Bürcəli kəndindəyik...

Həyətlərdə meyvə ağacları yerə yatıb, hasarlar uçub...

Kənd sakini, Qarabağ müharibəsi iştirakçısı Zaur Ağayev baş verənlər barəsində bunları deyir:

Z.Ağayev

«Toyuq-cücə məhv olub»

«Sel gecə gəldi, evləri basdı. Səbəb aydındır. Kəndin dağ hissəsində balıq yetişdirmək üçün süni göllər yaradıblar. Hər dəfə bu göllər su ilə dolanda partlayır. Su daşır. Keçən dəfə göl daşdı, 5-6 ev su altında qaldı. Su çox sürətlə gəlirdi. Aşağıda bir evi uçurdub. Səbəb süni göllərdir. Həyətimizdə toyuq-cücə məhv olub».

O, suda boğulmuş toyuq-cücələrini göstərir: «Məhv olub. Heç kim üçün də maraqlı deyil. Gəlib baxıblar. Söz yox ki, gecə vaxtı sel gələndə gəlib 3-4 ailəni xilas etdilər...».

Kənd ara yollarında və həyətlərdə selin gətirdiyi lil hələ çəkilməyib. Kənd sakini Səriyyə Mirzəyeva həyətə səpələnmiş ev əşyalarını topladığını deyir:

Kəndin yaxınlığında süni göl

«Göl sahibləri gəlib ziyanımı ödəsinlər»

«Kəndin yuxarı hissəsində göllər var. Balıq yetişdirirlər. 3-4 il bundan əvvəl bu göllərin birinin bəndi dağılmışdı, kəndi su basdı. Heç bir tədbir görmədilər. Yardım da etmədilər. Mən bir kasıb adam, özüm üçün zülmlə ev tikmişəm, sel onu dağıdır. Hər dəfə bu təkrar olunur. Göl sahibləri gəlib ziyanımı ödəsinlər. Televizor, paltaryuyan maşın, evin birinci mərtəbəsində nə var, zay olub. Uşaqlar məktəbə gedə bilmirlər. Uşaqları güclə xilas etdik. Zəng eləmişəm köməyə gəlsinlər, vaxtında gəlmədilər. Özümüz köçdük başqa yerə, səhər gəlmişik. Uşaqlarımın hamısı qonşudadır. Bizdə həmişə yağış var. Yağış bəhanədir. Göldən xeyir götürürlər, ziyan bizə dəyir».

Kəndin başqa sakini Səlimoğlu Ağayevin sözlərinə görə də, təsərrüfatlara külli miqdarda ziyan dəyib: «İşlətdiyim avadanlıqları evin altında, zirzəmidə qoymuşdum. Hamısı sıradan çıxıb».

R.Kazımova

«Sel güclü idi, az qalmışdı uşaqları aparsın»

Kənd sakini Rəisə Kazımova da ona külli miqdarda ziyan dəydiyini dillə gətirir: «Hasar dağılıb. İkinci dəfədir ki, dağılır. Heç olmasa, yardım etsinlər. Məni pəncərədən düşürdüblər. Əlil adamam. Qayığa mindirdilər. Körpələri də pəncərədən çıxartdılar. Sel güclü idi, az qalmışdı uşaqları aparsın. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlmişdi. Yağış boş söhbətdir. Süni göllərdir, partlayır sel gəlir. Axır, bu kəndin camaatını sel aparıb tökəcək dənizə. Bir çarə etsinlər. Qorxu içində yaşayırıq. Sel odunları, qabları, ev əşyalarının hamısını aparıb. Heç nə qalmayıb. Prezident yardım edir, amma ortada heç nə yoxdur. Kimə inanaq? Bəlkə bu ölkədən gedək? Səhərə kimi yatmamışıq».

X.Babayeva

R.Kazımovanın qonşusu Xoşqədəm Babayeva isə əllərini göstərib deyir ki, soyuqdan açılmayıb: «Özümüzü atdıq suyun içinə... Ötən dəfə sel mənə xeyli ziyan vurdu. Ziyanı müəyyənləşdirirdilər. Dedim, mənim televizorum da məhv olub. Bir dənə televizor da mənə kömək edin. Onlar məni lağa qoydular. İzahat aldılar, telefon nömrəmi yazdılar. Dedilər ki, xəbərdarlıq edəcəyik. 4 ildir soraqları gəlmir, 4 ildir televizorum yoxdur. Mən bunu əziyyətlə almışdım. 4 ildən sonra sel yenə gəldi. Buna bir əlac etsinlər».

Bürcəli kəndin sakinləri qorxu içində yaşayırlar. Deyirlər ki, yağış başlayan kimi azyaşlı uşaqları ərazidən uzaqlaşdırmağa çalışırlar.

Bələdiyyə sədri: «Yəqin ki, kömək olacaq»

Xanbulan bələdiyyəsinin sədri Kazım Məmmədov isə deyir ki, bölgədə yağıntının miqdarı çox olub: «Bürcəli kəndi bizim bələdiyyəyə daxildir, 2 mindən çox əhalisi var. Yuxarıda göl var, sovet dövründə yaradılıb, çay sahələrini suvarmaq üçün. Müəyyən qədər qorxu yaratdı. Yağıntı miqdardan çox oldu. Bunun nəticəsində də həyətləri su basdı. Mənim həyətimdə də su var idi. Kəndin ərazisindən iki kanal gedir. Su həmin kanallar vasitəsi ilə axdı. Sudan təkcə Bürcəli kənd ziyan çəkməyib. Aşağıda üç-dörd kənd bu vəziyyətə düşdü. Fövqəladə Hallar Nazirliyin əməkdaşları öz işlərini vicdanla gördülər. Komissiya yaradılıb. O komissiya ziyanı müəyyənləşdirir. Yəqin ki, kömək olacaq».