“İndi durum dəyişəndə, azərbaycanlılara güc işlədirlər ki, dünənki dövr getdi, indi biz nə deyirik, o olmalıdır”
“Burda durumumuz ağırlaşıb. Elə bil ki, zorakılıq eləməyə məqam axtarırlar. Lapdan gəlib yoxlama adıyla girirlər bazara. Təhqir edir, bəzən vurub, pulumuzu alırlar. Onsuz da bizə həmişə çətin idi, indi lap çətin olub”.
Namiq Məmmədov 7 ildir Moskvadadır. Ailəsinin dolanışığı üçün bazarda işləyir. Deyir ki, onlara münasibət həmişə pis olub. Cinayətkar aləmdə “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Canıyev öldürüləndən bəri bazarda işləyən azərbaycanlılara münasibət lap pisləşib.
Sizin brauzer HTML5-i dəstəkləmir
Buna da bax: Rövşən Lənkəranski haqda kitaba niyə belə maraq var?
Namiqin sözlərinə görə, rus rublu dəyərsizləşəndən, bazarda da düz-əməlli alverləri getmir. Yaxşı olmayan şəraitin pisləşməsi indi, çox azərbaycanlı kimi, onu da çətin duruma salıb: “Rəhmətlik burdakılara kömək edirdi. Lap nə olmasa, adına görə, bizə bəzi şeyləri keçirdilər. İndi elə deyil. Hərdən Azərbaycana qayıtmağı düşünürəm, ancaq orda da işsizlikdir, qayıdıb neyləyəcəyəm?”.
“Bir növ arxa duran adamı itirdilər”
Rusiyada yaşayan azərbaycanlı jurnalist Tünzalə Bayramova deyir ki, burada bazar və ticarət sahəsində kriminal aləmin də sözü keçdiyindən, Rövşən Lənkəranskinin ölümü azərbaycanlıların bazarına təsirsiz ötüşməyib:
Sizin brauzer HTML5-i dəstəkləmir
“Bir vaxtlar - “Sabirabadlı Hikmət”in ölümündən sonra da, belə fikrilər vardı ki, azərbaycanlılar himayəsiz qaldı-filan. Təbii ki, müəyyən təsiri var, ancaq birbaşa himayəsiz qaldılar, deməzdim. Burda Lənkəranskini tanıyanların da, tanımayanların da ona böyük rəğbət vardı. Onun ölümünün psixoloji təsiri oldu, bir növ arxalarında olan adamı, güvənc yerlərini itirdilər. Ancaq azərbaycanlıların bazarlardan kütləvi çıxıb getdiyini müşahidə eləməmişəm”.
Buna da bax: "Haqq- ədalət olmayan yerdə insanlar özlərinə qəhrəman axtarırlar"
Lənkəranski Rusiyada azərbaycanlıların xilaskarı olub?
Yazılarında kriminal aləmə geniş yer ayıran yazıçı Həmid Herisçi deyir, belə görünür ki, Rusiyada bazarda işləyən azərbaycanlılara siyasi, mədəni himayə lazım deyil. Onlar daha çox cinayətkar aləmdən himayə axtarırlar, onu da tapmışdılar:
Sizin brauzer HTML5-i dəstəkləmir
“Çünki onların yarıdan çoxu qanundankənar yaşayır, vergi vermir, qeydiyyata düşmürlər, lisenziyaları yoxdur. Bütün bunlar da onları oğru dünyasının qucağına atır. Ona görə də mədəni, siyasi yox, məhz krimainal dünyadan olan himayədar axtarırlar. Xilaskarı da tapmışdılar. Bu şəxs - Rövşən Lənkəranski idi. O, həqiqətən də, vəziyyəti çox ciddi şəkildə azərbaycanlıların xeyrinə çevirə bilmişdi”.
Buna da bax: Rövşən Lənkaranskinin həyatı kitab oldu
Digər kriminal dəstənin kölgəsinə sığınacaqlar?
Hüquqşünas Əyyub Kərimovun fikrincə, Rövşən Lənkəranski qəbul olunduğu üçün azərbaycanlılara himayədarlıq edirdi:
Sizin brauzer HTML5-i dəstəkləmir
“Qəbul olunmasaydı, himayədarlıq da, adamlara yardım da edə bilməzdi. Rövşən Lənkəranskinin daxil olduğu tərəfdə azərbaycanlılara himayədarlıq etməklə bərabər, ruslara və digərlərinə qarşı haqq qoyub, haqq yığırdılar. Yəni, burda bizim sözümüz keçməlidir. İndi durum dəyişəndə, o birilər azərbaycanlılara güc tətbiq edirlər ki, dünənki dövr getdi, indi biz nə deyirik, o olmalıdır. Qazandığınızın filan qədərini filan yerə yönəltməlisiniz, hansısa dəstəylə hesablaşmalısınız. 90-cı illərdən bəri bu çəkişmələr olub və olacaq. Ancaq yenidən bir fiqur ortaya çıxarsa, nəyisə bərpa eləmək istəyəcək. Ola bilsin, bu 5 il, 10 il boyunca baş verməsin. O zaman Rusiya bazarlarındakı azərbaycanlılar da onlara hücumların, az da olsa, azalması üçün digər kriminal dəstənin kölgəsinə sığınmalıdırlar”.
Buna da bax: Rövşən Lənkəranski niyə sevilir
“Bu şəraitə dözməyə məcburuq”
Namiq Məmmədov deyir ki, Rövşən Lənkəranskinin ölümündən sonra onun kimi bazarda işləyən azərbaycanlıların çoxundan alınan yerpulu artıb: “Biz də boğazımızdan kəsib veririk. İş olsaydı, bacardığım işi gedib öz vətənimdə görərdim. Ancaq bu şəraitə dözməyə məcburuq”.