Vəkillər Britaniyadan gələn nazirlə görüşüblər

Leo Dokerti

Noyabrın 22-də bir qrup vətəndaş cəmiyyəti nümayəndələri Bakıda Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti (Leo Docherty) ilə görüşüblər.

Görüşdə hüquq müdafiəçisi Rəsul Cəfərov, iqtisadçı Zöhrab İsmayıl, vəkillər Zibeydə Sadıqova, Bəhruz Bayramov və həbsdə olan iqtisadçı Qubad İbadoğlunun qardaşı Qalib Toğrul iştirak ediblər.

Z.İsmayıl bildirib ki, görüş zamanı Azərbaycanda insan hüquqların vəziyyəti, həbsdə olan iqtisadçı alim Q.İbadoğlunun durumu, AbzasMedia-nın rəhbərlərinin həbsi müzakirə edilib.

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin müəllimi Q.İbadoğlu ilə bağlı son vaxtlar Britaniya mətbu orqanlarında bir neçə müdafiə xarakterli yazılar dərc edilib.

Qubad İbadoğlunun qardaşı: "İnanıram ki..."

Qalib Toğrul isə AzadlıqRadiosuna bildirib ki, Böyük Britaniya həbsdə olan ADR sədri, qardaşı Q.İbadoğlunun azadlığa çıxması üçün ABŞ-la bir yerdə ən böyük iş aparan ölkələrindən biridir: "Mən inanıram ki, Böyük Britaniyanın Avropa üzrə məsələlər nazirinin Azərbaycana gəlişi və bütün rəsmi görüşlərdə Qubad İbadoğlunun məsələsinin qaldırılması onun azadlığa çıxmasına töhfə verəcək".

Xatırlatma

Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, professor Q.İbadoğlu bu ilin iyulunda həbs edilib. Ona CM-in 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və başqa maddələri ilə ittiham irəli sürülüb. O, ittihamı qəbul etmir.

AbzasMedia-nın bu həftə həbs edilən rəhbərləri isə qaçaqmalçılıqda ittiham edilir. Onlar da ittihamı qəbul etmir və bunu peşə fəaliyyətlərinə basqı kimi dəyərləndirirlər.