Gün çıxdı, sular çəkildi, kompensasiya olacaqmı?

Lerikdə sel

►Lerik sakini: 40 günlük körpəylə tövləyə sığınmışıq

“5 gündür ki, mal tövləsinə sığınmışıq. 3, 6 yaşlı uşaqlar və 40 günlük körpə də yanımızda. Ev-eşiyi su basıb, getməyə yerimiz yoxdur”.

Lerikin Nüvədi kəndinin sakini Həzrət İsrafilov AzadlıqRadiosuna 5 gün əvvəl kəndə gələn güclü seldən sonrakı aqibətlərindən danışır.

Qəfil təbii fəlakət ailənin sakit həyatını pozub. Deyir, sel suları ailəni necə haqlayıbsa, ayaqlarına bir cüt başmaq geyməyə də macal tapmayıblar:

“AYAQYALIN, BAŞIAÇIQ QAÇDIQ”

“Uşaqlar da, özümüz də ayaqyalın, başıaçıq, nazik paltarda qaçmışıq. Neçə ildir bu kənddə yaşayıram, hər il çay daşanda bu kəndə sel gəlir, ancaq beləsi olmamışdı. Mal-qara, 80-dən çox toyuq-cücə - nə vardısa, hamısını apardı”.

Həzrət İsrafilov ailəsinin sığınmasına hökumətdən yardım istəyir.

___________________________________________________________

Bunlara da bax:
Məhkəmə: «Mənə zorla vəhhabi namazı qıldırmaq istəyirdi»
Ankara məhkəməsi 275 nəfərə qarşı ittihamları qaldırdı

___________________________________________________________

Lerik rayonuna son on illiyin ən güclü yağıntısı düşüb. Aprelin 16-da axşam saatlarından başlayan, üç saat davam edən intensiv yağış dağ çaylarının məcradan çıxmasına və güclü daşqınlara səbəb olub.

“O GÜN GETSİN, GƏLMƏSİN”

Kənd sakini Pərviz Xələfov deyir, 100 sota yaxın əkin sahəsi sel suları altında qalıb. Kəndli sahənin yarısına kartof əkibmiş. İndi onu narahat edən itkisinin ödənməsi məsələsidir:

“Kənddəki əkin sahələrinin, demək olar ki, hamısı məhv olub. Hələ də bilmirik, bu zərər bizə ödəniləcək, ya yox.Qardaşımgilin xeyli xırda, iribuynuzlu mal- qarası, toyuq-cücəsi məhv olub. O gün getsin, gəlməsin”.

Nüvədi kənd bələdiyyəsinin sədri Vüqar Hüseynov “Qaynar xətt”ə bildirib ki, sel təkcə kənddəki evlərə və təsərrüfata ziyan vurmayıb. Kəndlə rayon mərkəzini birləşdirən yol, körpü – hamısı dağılıb. O, sakinlərə dəymiş zərərin rayon icra hakimiyyəti tərəfindən qeydiyyata alındığını deyib.

Lerikin icra hakimiyyətindən isə bildiriblər ki, selin fəsadları aradan qaldırılmaqdadır. Artıq yollar bərpa edilib, körpülərdə təmir işləri aparılır. Hazırda kəndlərdəki inzibati binalara və sakinlərə dəymiş zərər araşdırılır. Kompensasiya məsələsinə isə zərər dəqiqləşdiriləndən sonra qərar veriləcək.

Buna da bax: Prezident belə əylənir

Sizin brauzer HTML5-i dəstəkləmir

Prezident belə əylənir