Dağlıq rayonlarda bəzi yollar bağlanıb

Yardımlı. Yollar buz bağlayıb.

"Ötən gecə yarım metr qar yağdı"

Son günlər Azərbaycanda yağan qar dağlıq ərazilərdə daha çox çətinliklər yaradıb.

Lerik rayonunun adının çəkilməsəni istəməyən bir sakinin deməsinə görə, yaşadığı kənd rayon mərkəzindən uzaqda yerləşir: "Ötən gecə yarım metr qar yağdı, yollar bağlandı. Əl-ələ verib yolu açdıq. Elektrik enerjisinin verilməsində problemlər yaşandı. Sonradan elektriki bərpa etdilər. Qar yağmaqda davam edir. Bilinmir nə qədər yağacaq? İşıqların kəsilməsindən narahatıq. Bizim kənddə qaz yoxdur, evlər odunla qızdırılır".

Yardımlı rayonunda da bəzi yolların buz bağladığı bildirilir. Sakinlərin vurğulamasına görə, kəndlərdən rayon mərkəzinə gedən yollarda hərəkət məhdudlaşdırılıb.

Buna da bax: 'İnkişaf etmiş ölkələrdə qarın təmizlənməsində avtomatlaşdırılmış mexanizmlər, Bakıda insanlar… '

"İşıq fasilələrlə verilir"

Dəlləkli kəndinin sakini, ictimai fəal Cəlil Zabitovun deməsinə görə, bir çox kəndlərə elektrik enerjisi fasilələrlə verilir: "Bu gün, yanvarın 10-da qonşu kəndə çətinliklə getdim. Yollar buz bağlayıb. Masallı-Yardımlı yolunda hərəkət var. Yardımlı şəhərində qar az düşüb, kəndlərdə çox yağıb. Elektrik enerjisinin verilməsində problemimiz var. Bəzi kəndlərə işıqlar fasilələrlə verilir".

Astara rayonunun bəzi dağ kəndlərində də işıqların söndüyü, yolların bağlandığı deyilir. Hamoşam kənd bələdiyyəsinin sədri Rüfət Əliyev bildirir ki, kənd sakinlərinin köməyi ilə yolları açıblar: "Dünən elektrik xətti qırılmışdı, axşam bərpa etdilər. Yol da bağlı idi, açdıq".

Lerik Rayon İcra Hakimiyyəti Aparatının məhsul işçisi Vüqar Mirzəyevin deməsinə görə, yağıntı nəticəsində qırılmış elektrik xətləri bərpa olunub: "Müəyyən kəndlərə elektrik enerjisinin verilməsi dayanmışdı. Bərpa olunub".

Hələlik, Azərbaycanın digər dağlıq rayonlarının icra hakimiyyətləri ilə isə danışmaq mümkün olmayıb.