Prezident Putinə neytral və ya biganə münasibət bəsləyən rusiyalıların sayı getdikcə artır.
Putinin hakimiyyətə gəlməsinin 17-ci ildönümünə həsr edilmiş rəy sorğusunu Levada ictimai rəyi öyrənmə mərkəzi keçirib.
Vladimir Putin 1999-cu ilin 8 avqustunda Rusiyanın baş naziri olub.
Rəy sorğusunun nəticələrinə görə prezidentə biganə olanların payı 17 faiz təşkil edib. 2015-ci ilin müvafiq dövründə bu rəqəm 10 faiz idi.
Bu da qeyd olunur ki, Putinə biganə olanların sayı 2013-cü ildə pik nöqtəsinə - 22 faizə çatmışdı.
Rəy sorğusunun sualları arasında ən populyarı belə səslənirdi: “Onun haqqında pis heç nə deyə bilmərəm”. Belələri 31 faiz təşkil edib.
Son illərdə bu göstərici 29-31 faiz arasında qalxıb-enir.
Rəyi soruşulanların 29 faizi Putinə rəğbət bildirib. 2015-ci ildə bunların payı 37 faiz idi.
Rəyi soruşulanların yalnız 8 faizi prezidentə heyrandır. Rəy sorğusu iştirakçılarının 1 faizi Putindən ikrah hissi keçirdiyini, 2 faizi isə ona nifrət etdiyini deyib.
Buna baxmayaraq, rəyi soruşulanların 78 faizi prezidentə etibar etdiyini bildirib. 18 faiz ona etibar etmir. Rəy sorğusunda iştirak edənlərin yarıdan çoxu bildirib ki, ötən 17 ildə Putin onların ümidlərini doğruldub. 23 faiz bunun əksini deyib. 15 faiz isə, ümumiyyətlə Putinə heç bir ümid bağlamadıqlarını söyləyib.
Rəyi soruşulanların əksəriyyəti hesab edir ki, Putinin başlıca xidməti silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması olub.
Adamlar həmçinin onun ölkənin beynəlxalq mövqeyini və sabitliyini möhkəmləndirdiyini bildiriblər.
Rəyi soruşulanların 8 faizi Putinin, ümumiyyətlə heç bir nailiyyətinin olmadığını deyib.