'Dünyanın ən tanınmış rusiyalı hakeri' təqsirini boynuna aldı

Pyotr Levashov Madrid məhkəməsində

Dünyanın ən tanınmış hakerlərindən biri hesab olunan rusiyalı ABŞ məhkəməsinə təqsirli olduğunu etiraf edib.

O Kelihos botnet əməliyyatından qaynaqlanan ittihamları qəbul edib.

ABŞ Ədliyyə Nazirliyi bildirir ki, 38 yaşlı Pyotr Levashov saxta email-lər yaymaqda, kompüter reket proqramları qurmaqda və başqa “zərərli fəaliyyətdə” ittiham olunur.

Botnet zərərli proqramlara yoluxmuş kompüterlər sisteminə şəbəkə sahibinin xəbəri olmadan müdaxilə etmək imkanı verir.

Ədliyyə Nazirliyi bildirir ki, Levashov 1990-cı illərin sonlarından 2017-ci ildə həbs edilənədək Storm, Waledac və Kelihos da daxil bir neçə botnet şəbəkəsi yaradıb.

Təkcə Kelihos botneti 50 minədək kompüterə virus yoluxdurub.

İspaniya hakimiyyət orqanları Levashov-u ailəsi ilə birlikdə Barselonada istirahət edərkən həbs ediblər. O bu həbsdən sonra 2018-ci ilin fevralında Birləşmiş Ştatlara ekstradisiya olunub.

Nazirlik bunu da bildirir ki, Levashov Konnektikutdakı federal məhkəmə qarşısında təqirli olduğunu boynuna alıb.

Onun barəsində hökm 2019-cu ildə çıxarılacaq.