ABŞ Azərbaycanın Yunuslar barədə addımını alqışlayıb

Arif, Leyla və Dinara Yunus

ABŞ Dövlət Departamenti Azərbaycan Ali Məhkəməsinin onların ölkədən çıxmasına icazə verən qərarını rəsmi Bakının müsbət addımı adlandırıb

Amerika Birləşmiş Ştatları insan haqları müdafiəçisi Leyla Yunusun və onun həyat yoldaşı, tarixçi Arif Yunusun təcili müalicə üçün xaricə getmələrini Azərbaycanın daha bir müsbət addımı kimi salamlayıb.

“Biz qəti şəkildə inanırıq ki, ifadə azadlığı və siyasi iştirak, habelə bizim ikitərəfli münasibətlərimiz Azərbaycanın güclənməsində böyük rol oynayacaq, - deyib ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby, - Biz hökuməti əlavə addımlar atmağa və öz təməl azadlıqlarından istifadə etdiklərinə görə məhbus edilmiş şəxslərin qeyd-şərtsiz azad olunmasına çağırırıq”.

***

Bundan əvvəl verilmiş xəbərlərdə deyilirdi ki, azərbaycanlı hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar Hollandiyaya gediblər.

Hollandiya mətbuatının yazdığına görə , aprelin 19-da onlaqrı Sxipxol hava limanında qızları Dinarə Yunus qarşılayıb.

Hüquq müdafiəçiləri bundan sonra Niderlanın xarici işlər nazirliyində qəbul olublar.

Xarici işlər naziri Bert Koenders onların bu ölkədə müalicə olunacaqlarını bildirib.

Ölkədə nə qədər qalacaqlarına gəldikdə isə qeyd edib ki, bu onların özündən aslıdır və onlar Hollandiyadan sığınacaq da istəyə bilərlər.

Leyla və Arif Yunuslar 2014-cü ildə həbs olunmuşdular, dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.

2015-ci il avqustun 13-də Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi sonradan onlara verilən cəzanı şərti hesab edərək azadlığa buraxdı.

Amma üzərlərində şərti cəza olduğundan ölkəni tərk etmələrinə qadağa qoyulmuşdu.

HÖKUMƏT ŞƏRH ETMİR

Azərbaycan hökumətindən barələrində məhkəmə hökmü olan Yunusların Azərbaycanı tərk etmələri ilə bağlı hər hansı açıqlama verilməyib.

Hüquq müdafiəçilərinin vəkillərindən Elçin Sadıqov da bu haqda məlumatsız olduğunu deyib. Vəkil martın sonunda Yunusların ölkədən müvəqqəti çıxışına icazə verilməsi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti göndərdiyini deyib. Amma hər hansı qərarla bağlı onda məlumatın olmadığını söyləyib.

Ali Məhkəmədən isə AzadlıqRadiosuna bildiriblər ki, Yunusların kassasiya şikayətinə aprelin 18-də baxılıb və şikayət təmin edilib.

«Ali Məhkəmə işə baxılmasıyla bağlı məni məlumatlandırmayıb. Məhkəmə ilə dəqiqləşdirmə aparacağam», - deyən vəkil bir neçə gün öncə Yunusların həkimi Christian Witt-in Bakıya gəldiyini xəbər verib.