“Bu gün bizim hökumətimiz ən çox Taleh Bağırovdan qorxur. Onlar İslam Partiyasının sədri Mövsüm Səmədovdan, bugünkü müxalifət liderlərindən o qədər qorxmurlar ki, bax, bu oğlandan – Taleh Bağırovdan qorxurlar”.
Dekabrin 26-da dövlət ittihamçısı Nardaran hadisələri zamanı həbs edilən Taleh Bağırovun ömürlük həbsini, onun müavini Abbas Hüseynova – 20; Cabbar Cabbarova – 19; Rasim Cəbrayilova – 17; Ramin Yariyevə - 10; AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya - 11; qalanlarına isə 15 il həbs cəzası istəyib.
Buna da bax: 'Bundan sonra paqonlular sizi əyməyə çalışacaqlar'
Hüquq müdafiəçisi Leyla Yunus bu məhkəməyə münasibətini AzadlıqRadiosu-na açıqlayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
– Leyla xanım, prokuror Taleh Bağırova ömürlük iş istədi. Bu nə qədər gözlənilən idi?
– Mən bunu gözləyirdim, 100 faiz bilirdim. Bu gün bizim hökumətimiz ən çox Taleh Bağırovdan qorxur. Onlar İslam Partiyasının sədri Mövsüm Səmədovdan, bugünkü müxalifət liderlərindən o qədər qorxmurlar ki, bax, bu oğlandan – Taleh Bağırovdan qorxurlar. Siz fikir verdinizsə, mən Avropadan qazamata məktub yazanda öz dostlarıma yazmadım, çox sevdiyim İlqar Məmmədova, Seymur Həziyə yazmadım, Talehə yazdım.
– Niyə ona yazdınız?
– Bilirdim ki, ən çətin vəziyyətdə Talehi qoyacaqlar. Bunlar tarixi bilmirlər. Bunlar Taleh Bağırovdan Nelson Mandela düzəldəcəklər. Bunu bu gün onlar dərk etmirlər, anlamırlar. Amma mən sizə deyirəm, bir il keçəcək, 5 il keçəcək, Taleh Bağırovun adını Azərbaycanda hər bir uşaq biləcək. Hər yerdə, Avropada da onun adı səslənəcək. Bu gün Beynəlxalq İşgəncələr Əleyhinə təşkilat Nardaranla bağlı ilk addımı atdı. Bu, birinci addımdır. Taleh Bağırov evdə qalsaydı, məscidə getsəydi, bəlkə də bu qədər tanımayacaqdılar. Ancaq belə vicdansızlıqla, insanlığa yaraşmayan şəkildə qazamata salmaqla onu sındırmadılar. Fikir verdinizsə, onların qadınları da sınmadı. Taleh gələcək Nelon Mandeladır, mən ölüm, siz qalın.
Buna da bax: Leyla Yunus Avroparlamentdə hakimiyyəti yıxıb-sürüdü
– Dediniz ki, hakimiyyət nə Mövsüm Səmədovdan, nə müxalifət liderlərindən qorxmadığı qədər Taleh Bağırovdan qorxur. Səbəb nədir?
– Çünki onu sındıra bilməyəcəklər.
– Bunda dini faktorun da rolu var?
– Bunda nə dinin, nə də müxalifətin rolu var. Bu adam öz işinə, getdiyi yola çox inanır və axıra kimi gedəcək bu yolu. Cavan oğlandır, amma hörməti çoxdur. Ona çox inanırlar. Bir dəfə gördünsə… Mən bu adamı bir dəfə görmüşəm. Və mən onu başa düşdüm.
– Leyla xanım, dediniz ki, hakimiyyət Taleh Bağırovu sındıra bilmədiyi üçün ondan qorxur. Amma “heykəl məhbusu” kimi tanınan, narkotikə görə 10 il cəza alan Qiyasəddin İbrahimovla Bayram Məmmədov da onlara işgəncə verildiyini, ancaq heç vaxt yollarından dönmədiklərini məhkəmədə dilə gətirdilər…
– Bu oğlanları da sındırmadılar. Amma bugünkü Azərbaycan cəmiyyətinin seçdiyi yolu hakimiyyət özü yaradır. Hakimiyyət qorxur, çəkinir. Fikir verin, 160 nəfər siyasi məhbus var, onlardan 105-i dindardır. 105-i! Anlayırsınız İlham Əliyevin cəmiyyəti hara apardığını?
Buna da bax: "Nardaran məsələsinə yanaşma siyasi motivli idi"
– Hara?
– Suriyaya. Mən bunu hər gün burda beynəlxalq təşkilatlarla görüşlərdə, mətbuata müsahibələrimdə deyirəm. Arif, mən izah edirik ki, bugünkü Azərbaycan hakimiyyəti, rejimi Cənubi Qafqaz regioununa sabitlik gətirmir. İlham Əliyev elan edir ki, sabitlik qarantıdır, terrorçuları qazamata salır. Amma vəziyyət fərqlidir, zorakılıq zorakılığı doğurur, bu dəyişməsə, Azərbaycan ikinci Suriya olacaq.
– Hakimiyyətin arqumenti budur ki, Nardaranda dini kəsim çox təhlükəlidir, Azərbaycanın rəsmi qurumlarını tanımırdılar, burda başqa ölkənin bayrağı asılmışdı və s. Və həmin noyabr əməliyyatından sonra “təhlükə mənbəyi”nin neytrallaşdırıldığı deyilir...
– Ariflə birgə 2006-cı ildə beynəlxalq konfransda idik. Yadımdadır ki, o vaxt sabitlik idi, insanlara sosial yardım da vardı, səhiyyə də pulsuz idi. Biz orda çıxış edəndə amerikalı, isveçrəli politoloqlar dedilər ki, Leyla, sən Azərbaycanda diktaturadan danışırsan, ancaq Azərbaycan keçid dövrünü keçməlidir. Görürsən, Misirdir, Suriyadır, Tunisdir… yavaş-yavaş demokratiyaya doğru gedirlər, inkişaf edirlər. Mən də dedim ki, dəlisiniz, görmürsünüz Misirdən gələn hüquq müdafiəçisi nə deyir? Güldülər. İndi o kişiylə razıyam. İndi Azərbaycan Suriya yolu ilə gedir və onu aparan İlham Əliyevdir.
Buna da bax: Taleh Bağırov: 'Belələrinin qarşısında sınmayın'
– Növbəti ildən gözləntiniz nədir o zaman?
– İqtisadi vəziyyət ağırlaşacaq, etirazlar olacaq, camaat ayağa duracaq. Və tuthatut olacaq. Ancaq indi daha çox sadə adamları, tanınmayan adamları tutacaqlar. Hüquq müdafiəçisini, jurnalisti tutanda, onların həbsini gizli saxlamaq çətindir. Qiyasla Bayram çox qəhrəmanlıq göstərib qrafitini yazdılar, onu sirr kimi saxlamaq mümkün deyildi. Amma hüququnu tələb edən sadə adamların həbsi haqda məlumatların ictimaliləşdirilməsinə, beynəlxalq təşkilatlara çıxarılmasına vaxt gərək olacaq. Bax bu adamları tutmaqla göstərəcəklər ki, hamınızı tutacağıq, susun! Sizə parlaq nümunə deyim, 2007-ci ildə Səid Dadaşbəyliylə yanaşı, 10 adam tutulub, işgəncə veriblər, bir nəfər ölüb. Heç yerdə adları çəkilmir. Onları heç kim tanımır, bilmir, 10 il keçir, yenə də həbsdədirlər. Bax, indi də eyni yolla gedəcəklər. Talehin vəziyyətisə fərqlidir. Ömürlük həbs cəzası verməklə, onun Nelson Mandela olmasına yol açırlar.