-
«Mən prezident İlham Əliyevə minnətdaram ki, bizi həbsdən buraxdı. Biz ölmədik, amma müalicə də olunmadıq. Lakin istənilən vaxt ölə bilərik. Biz hələ yanvar ayından təcili müalicəyə başlamalı idik».
Leyla Yunus məhkəmədəki çıxışında belə deyib. Bu gün - martın 11-də keçirilən məhkəmədə Leyla və Arif Yunusların müraciətinə baxılıb. Onlar ölkədən çıxışlarına məhdudiyyətin aradan qaldırılmasını istəyiblər.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə Həsən Əhmədov sədrlik edib.
«AVROPA KONVENSİYASI POZULUR»
Vəkil Elçin Sadıqov hər iki şəxsin ciddi xəstəliyinin yalnız Berlindəki klinikada müalicə oluna biləcəyini diqqətə yetirdi:
«Leyla və Arif Yunusların səhhəti onlar həbsdə olan dövrdən ağırlaşıb. Apellyasiya məhkəməsi də həkim rəyi əsasında onları şərti cəza ilə azadlığa buraxılmasına qərar verib. Leyla Yunus xroniki Hepatit, şəkərli diabet, öd kisəsində daşdan əziyyət çəkir. Onun təcili əməliyyata ehtiyacı var. Arif Yunusun da həyatına təhlükə yaradan xəstəliyi və bu üzdən xəstəxanada stasionar şəraitdə müalicənin vacibliyi barədə həkim rəyi var. O, hətta Berlindəki xəstəxanaya da müşayiət altında getməlidir. Müalicənin qarşısının alınmasına yönəlik hərəkətlər Avropa Konvensiyasının 3-cü (işgəncəyə, pis rəftara məruz qalmamaq hüququ) maddəsinin pozuntusudur».
Vəkil qeyd etdi ki, Yunuslar hətta Berlindəki səfirlik və konsulluğun müşayiəti altında xəstəxanaya getməyə razıdırlar.
«BİZDƏ SOVET METODİKASI QALIR»
Arif Yunus çıxışında Azərbaycanda müalicə metodikasının effektli olmadığını bildirdi: «Birinci instansiya məhkəməsində də bizdən soruşdular ki, «niyə Azərbaycanda yox, Almaniyada müalicə olunmaq istəyirsiniz?». Məsələn, MTN-də məni müalicə edən həkim pis deyildi. Amma Azərbaycanda tibb sistemində köhnə üsullardan istifadə olunur. Mən bunu alman həkim Witt-lə görüşdə başa düşdüm. Azərbaycan həkimləri müalicəni sovet metodikası ilə aparır. Amma Witt bir dərman verirdi, vəziyyət düzəlirdi. Yəni bizdə sovet metodikası qalır, ona görə müalicə effektiv olmur».
Arif Yunus deyir ki, Berlin klinikasına sırf cərrahiyyə əməliyyatına görə getmələri vacibdir: «Məndə təzyiqlə yanaşı, başqa xəstəliklər də var. Başımın arxasında şiş var, amma bizim həkimlər bunun nə şiş olduğunu müəyyənləşdirə bilmir».
Leyla Yunus da çıxışında hər ikisinin həyatının təhlükə qarşısında olduğunu bildirdi: «İkimiz də ağır xəstəyik. Əgər bizi həbsdən buraxmasaydılar, ən azı, birimiz indi sağ olmayacaqdıq. Ağır xəstə olmağımızın bunlara çatdırılmasında həkim Witt-in böyük əməyi var. Mən Azərbaycan prezidenti İlham Əliyevə bizi həbsdən buraxdığına görə minnətdaram. Biz ölmədik, amma müalicə də olunmamışıq. İstənilən vaxt ölə bilərik. Biz hələ yanvardan təcili müalicəyə başlamalı idik».
«SİZLƏRDƏN DƏ KİMSƏ XƏSTƏLƏNƏ BİLƏR»
Leyla Yunus Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyasına müraciət edərək, bu işdə qərarın onlardan asılı olmadığına əminliyini vurğuladı: «Başa düşürəm ki, qərarı siz vermirsiniz, sadəcə, onu təsdiqləyirsiniz. Amma əsas hakim Allahdır. Sizlərdən də kimsə xəstələnə bilər. Çünki xəstəlikdən heç kim sığortalanmayıb. O zaman çarpayıda uzananda bizi yada salıb, Allahdan kömək istəməyin».
Prokuror Seyhun Azadəliyev apellyasiya şikayətinin təmin olunmamasını istədi. Məhkəmə də şikayəti təmin etmədi.
Yunusların vəkili Elçin Sadıqov bildirdi ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Leyla və Arif Yunuslar 2014-cü ilin iyulunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular.
2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, onlara verilən cəza şərti hesab olundu və Yunuslar həbsdən buraxıldı.
Hüquq müdafiəçilərinin üzərində şərti cəza olduğu əsas gətirilərək, ölkəni tərk etmələrinə yasaq qoyulub. Yunuslar ölkədən çıxışlarına qadağa ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət etsələr də, iddia təmin olunmamışdı. Bakı Apellyasiya Məhkəməsinə də həmin qərardan şikayət verilmişdi.