'Leyla Şıxlinskaya' işi üzrə hökm oxundu

Leyla Şıxlinskaya Klinikası

Xalq artisti, öz adını daşıyan klinikanın rəhbəri Leyla Şıxlinskayanın şikayəti ilə cinayət məsuliyyətinə cəlb olunmuş işçilərinin məhkəməsi başa çatıb. Təxminən 5 il istintaq, 1 il üç aylıq da məhkəmə araşdırmalarından sonra 7 nəfərin hamısına münasibətdə CM-in 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Klinikanın baş mühasibi olmuş Şəhla Abbasova və onun müavini Polad Əliyevin hər birinə 2 il, digər beş nəfərə - Yelena Abdullayeva, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə HüsüyevaNigar Rzaquliyevaya isə 1 il sınaq müddəti olmaqla, şərti cəza verilib.

L.Şıxlinskaya təqsirləndirilən şəxslərin klinikanın pulunu mənimsədiklərini iddia edərək, məhkəmədə onlara qarşı 804 min manatlıq mülki iddia da qaldırmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə bu məsələ də yer alıb. Amma məhkəmə mülki iddianın 56 minlik hissəsini təmin edib. Çünki məhkəmənin gedişində təyin olunan təkrar ekspertiza klinikaya 56 min ziyan dəyməsi barədə rəy vermişdi.

Xatırlatma

Klinikanın keçmiş əməkdaşlarına CM-in 313 (vəzifə saxtakarlığı) və 179 (mənimsəmə) maddələri ilə ittiham verilib. Şıxlinskaya keçmiş işçilərini klinikaya daxil olan vəsaitləri az göstərməkdə, gəlirləri mənimsəməkdə suçlayırdı.

Təqsirləndirilən əməkdaşlar isə deyirdilər ki, L.Şıxlinskaya özü gəlirlərin az göstərilməsi, işçilərin maaşının rəsmi sənədlərdə faktiki verildiyindən dəfələrlə aşağı yazılması haqda göstəriş vermişdi. Məqsəd isə verginin məbləğinin aşağı olması idi. Təqsirləndirilən şəxslərin sözlərinə görə, L.Şıxlinskaya onlara böhtan atır.

Təqsirləndirilən şəxslər istintaq və məhkəmə dövründə həbsdə deyildi. Prokuror çıxışında onların məhkəmə zalından həbs olunmasını, Ş.Abbasova və P.Əliyevin hər birinin 9 il, Y.Abdullayevanın 2 il, qalan dörd nəfər – mühasib S.Qasımova, kassir A.Hüseynova,M.Hüsüyeva və N.Rzaquliyevanın isə 5 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Bu iş üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedəndə klinikanın vergidən yayınması ilə bağlı yeni hallar aşkarlanıb. Bununla əlaqədar daha bir cinayət işi ayrılaraq, araşdırılması üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. Orada söhbət milyonlarla manatlıq yayınmadan gedir.

L.Şıxlinskaya isə rəhbərlik etdiyi klinikada maliyyə məsələlərinə cavabdeh olmadığını deyib: «İmza qoymağa belə ixtiyarım yoxdur. Mən orada ancaq təsisçiyəm, nə müdir, nə də mühasibəm. Rəsmi olaraq, maaş və digər məsələlərə qarışmağa ixtiyarım yoxdur. Sənədlərə direktor, baş həkim və baş mühasib imza ata bilər».