'Lider TV'nin yayımı dayanır

Lider TV

Bu gün, mayın 24-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib. Qurumdan verilən məlumata görə, iclasda televiziya və radio yayımı sahəsində mövcud vəziyyət müzakirə olunub.

Məlumata görə, "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsi məhkəmə qətnaməsi ilə təsdiq olunduğu üçün ona ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli lisenziya ləğv edilib. "Lider TV və Radio-Azərbaycan" MMC-nin yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılması barədə qərar qəbul edilib.

İclasda həmçinin, "Kaspi Global" MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq, "Mingəçevir" Televiziya və Radio Şirkətinin (Mingəçevir TV) və "Alternativ Tele-Radio" MMC-nin (ARB Ulduz TV) regional televiziya yayımının bir il ərzində 60 gün əsassız həyata keçirilmədiyi üçün bu yayımçıların da lisenziyalarına xitam verilib.

Qərarlara, hələlik, sözügedən qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

"Lider TV" 2000-ci il sentyabrın 1-dən, "Dalğa TV" 2017-ci il noyabrın 20-dən, "Mingəçevir TV" 1998-ci ildə (Mingəçevir şəhərində), "ARB Ulduz" isə 2001-ci ildə (Gəncə şəhərində) fəaliyyətə başlamışdı.