Avqustun 22-si Lənkəran rayonu Liman şəhərində «Azərişıq» ASC-nin işçilərinə məxsus avtomobilin yandırılmasına cəhd edildiyi bildirilir.
Baş verənləri ən müxtəlif tərəflər bir qədər fərqli şəkildə nəql edirlər.
AzadlıqRadiosuna yerli sakinlərin bildirməsinə görə, «Azərişıq» ASC-nin işçiləri Lənkəran rayonunun Liman şəhərində borca görə elektrik xəttini kəsməyə başlayıblar. Bu zaman şəhər sakini Sərvər Məmmədovla ASC işçisi arasında gərginlik yaşandığı bildirilir.
Həmin şəxsin elektrik sərfinə görə 281 manat borcu olduğu bildirilir.
Yerli sakinlərin deməsinə görə, o, məhz elektrik enerjisinin kəsilməsinə etiraz olaraq avtomobili yandırmağa cəhd edib. Ancaq maşına ciddi xəsarət yetirilmədiyi, yanğının vaxtında söndürüldüyü bildirilir.
S.Məmmədov Liman şəhər polisinə aparılıb, ondan ifadə alınıb. Onun bu gün, avqustun 23-ü səhər saatlarında sərbəst buraxıldığı söylənib. Ancaq onun adının çəkilməsini istəməyən yaxınlarından birinin deməsinə görə, S.Məmmədov yenidən polisə aparılaraq saxlanılıb. Bu dəfə onu Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının saxladığı bildirilir.
***Buna da bax-'İşıq məhbusları'na hökm: İki nəfərinə həbs cəzası verildi
DİN-DƏN AÇIQLAMA
Daxili İşlər Nazirliyi də baş verən hadisə ilə bağlı açıqlama yayıb. Bu açıqlamada da S.Məmmədovun saxlandığı təsdiq edilir. Ancaq həmin məlumatda qeyd edilir ki, S.Məmmədov xuliqanlıq zəminində Lənkəran Regional Elektrik Şəbəkəsinin nəzarətçi mühəndisinə stəkan atıb.
«Kafenin qarşısında olan şəbəkəyə məxsus «Mercedes» markalı avtomobilin üzərinə benzin tökərək onu qismən yandırıb. Lənkəran polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb», - deyə məlumatda vurğulanır.
«AZƏRİŞIQ» ASC-DƏN NƏ DEYİRLƏR
«Azərişıq» ASC-dən verilən məlumat da bir xeyli fərqlənir.
Qurumun mətbuat katibi Tanrıverdi Mustafayev «Qafqazinfo»ya açıqlamasında bildirib ki, «Azərişıq» ASC-nin qəza xidmətinin əməkdaşları həmin əraziyə elektrik xətlərinin təmiri və borclu abonentlərə elektrik enerjisinin təchizatının dayandırılması məqsədilə göndərilib.
«Briqada üzvləri işləri yekunlaşdırıb nahar edərkən 2015-ci ildən qalan borcuna görə elektrik enerjisi ilə təchizatı dayandırılmış abonent küçədə dayanmış avtomobil texnikasına-«Qazel» markalı qaldırıcı krana od vurub. Avtomobilin mühərrik hissəsində başlamış yanğın sakinlərin də köməyi ilə söndürülüb. İnsident zamanı avtomobilin yanında «Azərişıq» ASC-nin işçilərindən heç kim olmayıb. Bu insidentin mübahisə zəminində baş verməsi haqda məlumatlar doğru deyil.
«Azərişıq» ASC borcunu ödəmək əvəzində bu cür aqressiv hərəkətə yol verib şirkətin texnikasına ziyan vuran həmin abonentlə bağlı akt tərtib edərək hüquq- mühafizə orqanlarına təqdim edib», - deyə T.Mustafayev vurğulayıb.
***Buna da bax-Masallıda 'qul bazarı'nda qadınlar da iş axtarır
«HARADAN GƏTİRİB İŞIQPULU ÖDƏSİN?»
Liman şəhərində baş vermiş bu hadisəni əhali birmənalı qarşılamayıb.
Şəhər sakini İman Əliyev dövlətə məxsus avtomobili yandırmaq cəhətini düzgün hesab etmir:
«Maşını yandırmağa haqq qazandırmıram. O, tərbiyəli, qanacaqlı bir adamdır. Ondan gözlənilməyən bir işdir. Yəqin, onu əsəbiləşdiriblər. Özü də bilmədən bu addımı atıb. Maşın ustasıdır. Ehtiyac içində yaşayan adamdır. Liman şəhərinin 15 minə yaxın əhalisi var. Burda işsiz çoxdur. Ona görə pul da yoxdur. Haradan gətirib işıqpulu ödəsin? Hökumət yol tapmalıdır. Belə olmaz. Bu gün əsəbiləşib maşın yandırırlar, sabah başqa şeylər ola bilər. Həbs etməklə, hədə-qorxu ilə iş bitmir. Hər gün bahalaşma gedir...».
«BALALARIMIZ BU ÖLKƏNİN KEŞİYİNDƏ DURUR...»
Liman şəhər sakini Ağalar Adıgözəlov isə deyir ki, onun da 150 manat işıqpulu borclu var:
«Uşaqlarım, özüm də işsizəm. Mən sürücüyəm. Sovet dövründə burda üç böyük nəqliyyat müəssisəsi var idi. İndi biri də yoxdur. İşləyəndə də pulumuzu vermirlər. Köməksiz qalmışıq. Özünüz deyin, haradan pulu gətirib işıqpulunu ödəyim? Mən maşının yandırmasını düzgün hesab etmirəm. Ancaq evlərə girib, işığı kəsməyi də düzgün hesab etmirəm. Biz bu ölkənin vətəndaşlarıyıq. Balalarımız bu ölkənin keşiyində durur... İş verin, sonra gəlin işığı kəsin».
«LİMAN ŞƏHƏRİNDƏ ÇOXUNUN IŞIĞA BORCU VAR...»
Liman şəhərinin başqa bir sakini Əkrəm Hüseynov da işsizlikdən şikayət edir:
«Evimi bir kasıb oğlana vermişəm, özüm Bakıda oluram. Gəlmişəm evə baş çəkməyə, görürəm işıq yanmır. Bu adamın 100 manatdan çox işıq borcu var. Bazarda fəhləlik edir. Elə gün olur ki, 1 manat da qazana bilmir. Özüm ona 10 manat pul verdim ki, get işıqpulu ver. Verdi, yenə də xətti bağlamadılar. Bu adamın pulu yoxdur, ehtiyac içində yaşayır. Evdən çıxartsam ailəsi ilə küçədə qalar. Belə iş olar? Liman şəhərində çoxunun işığa borcu var...».