AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Linn Treysi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə bir daha çağırış edib və bu dəfə bölgənin statusu məsələsini qaldırıb.
ABŞ səfiri Ermənistan ictimai telekanalının Lurer xəbər proqramına bunları deyib:
“Dağlıq Qarabağda bu yaxınlarda baş vermiş müharibənin nəticələri aradan qaldırılmayıb, münaqişə tənzimlənməyib, beləki Dağlıq Qarabağın statusu hələ də müəyyən olunmayıb”.
Bu bəyanatı verən Linn Treysi ölkənin Sünik vilayətinə baş çəkmişdi:
“Biz Minsk qrupunun həmsədri qismində işləyərək vəziyyətin eskalasiyasını azaltmağa, insidentləri aradan qaldırmağa çalışacağıq ki, həllini tapmamış məsələlərə, müharibədən sonrakı vəziyyətə baxmaq və qalan məsələlərinin yekun həllinə nail olmaq mümkün olsun”.
Buna da bax: Ekspert: Türkiyənin Rusiya ilə razılaşdırmadan nəsə etməsi mümkün deyil
“Əliyevə siqnal”
ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ bundan əvvəl verdiyi bəyanatlarda da Bakı və Yerevanı sözü gedən qrupun egidası altında danışıqlara qayıtmağa çağırıb.
Azatutuyun yazır ki, Ermənistan baş naziri Nikol Paşinyan Yerevanın belə danışıqlarda iştirak etməyə hazır olduğunu və Azərbaycan tərəfindən konkret təkliflər gözlədiyini deyib:
“Ermənistan danışıqlar prosesində yüksək və ən yüksək səviyyədə iştirak etməyə hazırdır. Biz konkret təkliflər gözləyirik”.
Azərbaycan prezidenti İlham Əliyev isə münaqişənin artıq həll olunduğunu və status məsələsinə baxılmayacağını bəyan edib.
Azatutyunun yazdığına görə Qarabağın separatçı rejiminin “xarici işlər naziri” David Babayan ABŞ səfirinin bəyanatını əhəmiyyətli hadisə adlandırıb.
O deyib ki, bu çıxış İlham Əliyevin bəyanatlarına rəğmən Dağlıq Qarabağın status məsələsinin həll olunmadığına bir daha diqqət çəkib:
“Bu barədə Fransa bəyanat verib. Rusiya bunu bir neçə dəfə təkrar edib. Putin deyib ki, Qarabağın statusu mürəkkəb məsələdir və onun həllini gələcəyə saxlamaq lazımdır. Yəni o bununla təsdiqləyib ki, bu məsələ bağlanmayıb və gündəlikdədir. İndi bunu ABŞ səfiri də bəyan edir. Bu da deyilməlidir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri eyni mövqedən çıxış edirlər. Bu çox mühümdür və münaqişənin tənzimlənmədiyinə, status məsələsinin qalmasına, məsələnin bağlanmadığına dair Əliyevə siqnaldır”.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlatma
2020-ci il sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.
44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.
Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.