Litvada içində 4 ABŞ hərbçisinin də olduğu batmış zirehli maşın tapılıb

NATO təlimləri zamanı 4 ABŞ əsgərinin itkin düşdüyü Litva poliqonunda axtarış-xilasetmə əməliyyatları davam edir.

Litvada xilasetmə qrupları dörd ABŞ hərbçisini daşıyan batmış hərbi nəqliyyat vasitəsini tapıb çıxarıblar. Ancaq hərbçilər hələ də itkindir.

Litva müdafiə naziri Dovile Şakalene dörd hərbçinin taleyinin hələ qeyri -müəyyən olduğunu bildirib.

"Bu barədə hazırda danışa bilmərik, çünki, birincisi, hələ heç bir məlumat yoxdur və məlumat aldıqdan sonra belə, ciddi bir razılaşma var ki, ilk açıqlamanı amerikalılar verəcək", – Şakalene martın 31-də Litva dövlət radiosuna açıqlamasında deyib.

"M88 Hercules" zirehli təmir-təxliyə maşını martın 25-də Belarusla sərhədindəki Pabrade poliqonunda bataqlığa batmış vəziyyətdə aşkar olunub.

Avropa İttifaqı və NATO üzvü olan Litva rotasiya əsasında Baltikyanı ölkələrdə yerləşən mindən çox ABŞ əsgərinə ev sahibliyi edir.

ABŞ tərəfi açıqlamasında bildirib ki, martın 25-də itkin düşmüş dörd amerikalı hərbçi planlaşdırılmış taktiki təlimdə iştirak edirmişlər.

Xilasetmə əməliyyatının ilk saatlarında ziddiyyətli məlumatlar ortaya çıxmışdı. NATO baş katibi Mark Rütte dörd ABŞ hərbçisinin öldüyü bildirmiş, daha sonra NATO-nun sözçüsü bu şərhi geri götürmüş və yanlış anlaşılma olduğunu bildirmişdi.