Rusiya Litvadan tranzitin bərpasını tələb edir

Bundan əvvəl Litva dəmir yolları elan etmişdi ki, iyunun 18-i gecəyarıdan Avropa İttifaqının sanksiya siyahısına salınmış malların tranzitini dayandırır

Rusiya XİN Litvadan Kalininqrad vilayətinə yüklərin tranzitinə qadağanın ləğvini tələb edib.

Bununla əlaqədar Litvanın Moskvadakı müvəqqəti işlər müvəkkili Virginiya Umbrasene Rusiya XİN-ə dəvət olunub.

Rusiya XİN Litvanın tranziti bağlamasını “açıq düşmənçilik” və beynəlxalq hüquqi öhdəliklərin pozulması hesab etdiyini bildirib.

Moskva bildirib ki, əgər tranzit bərpa olunmasa, Rusiya öz milli maraqlarının müdafiəsi üçün hərəkət hüququndan istifadə edəcəjk.

Bundan əvvəl Litva dəmir yolları elan etmişdi ki, iyunun 18-i gecəyarıdan Avropa İttifaqının sanksiya siyahısına salınmış malların tranzitini dayandırır.

Rusiyanın Kalininqrad vilayəti ilə yeganə quru yolu Litva ərazisindən keçir.

Litva bildirir ki, avqustun 10-dan neftin tarnziti də dayandırıla bilər.

Buna da bax: Litva Rusiyadan Kalininqrada yük daşınmasının bir qismini dayandırır

Ukraynadan dəstək

Bu da qeyd olunur ki, söhbət Rusiyanın iki ərazisini birləşdirən yoldan getsə də, Avropa İttifaqının sanksiyalarına görə kömürün, sementin, oduncağın, tikinti materialları və yüksək texnologiyaların Litva ərazisi ilə tranziti qadağan oluna bilər.

Litva bildirib ki, bu malların Rusiya ərazisindən Kalininqrada daşınmasına avqustun 10-dək icazə veriləcək.

Kalininqrad vilayətinin qubernatoru Anton Alixanov Litvanın hərəkətini “qanunsuz” adlandırıb.

Litva XİN-in rəhbəri Qabrielyus Landsberghis iyunun 20-də izah edib ki, sanksiyalı malların Litva ərazisi ilə Kalininqrada daşınmasının qadağanı Avropa İttifaqının sanksiya paketində nəzərdə tutulub.

Bu sanksiyalar iyunun 17-də qüvvəyə minib.

Landsbergis bildirib ki, qadağan Avropa Komissiyası ilə məsləhətləşmələrdən sonra tətbiq edilir.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Litvanın Kalininqrada daşınan yüklərə tranzit qadağasını dəstəkləyib.

O deyib ki, Rusiyanın Litvanı hədələmək haqqı yoxdur:

“Moskva heç bir səbəbsiz və əsassız Ukraynaya müdaxilə etməsində özü günahkardır. Biz Litvanın prinsipial mövqeyini yüksək qiymətləndirir, litvalı dostlarımızı qətiyyətlə dəstəkləyirik”.