Lukaşenka: ‘Biz orda iştirak edirik...Amma heç kimi öldürmürük...’

Alyaksandr Lukaşenka

Belarus prezidenti hərbi təhlükəsizlik məsələlərinə həsr olunmuş müşavirədə ölkəsinin Moskvanın Ukraynada keçirdiyi “xüsusi əməliyyatda” iştirakını etiraf edib

Belarus prezidenti Alyaksandr Lukaşenka hərbi təhlükəsizlik məsələlərinə həsr olunmuş müşavirədə ölkəsinin Moskvanın Ukraynada keçirdiyi “xüsusi əməliyyatda” iştirakını etiraf edib.

Belta rəsmi xəbər agentliyinin məlumatına görə Lukaşenka müşavirədə deyib:

“Bizim Ukraynada keçirilən xüsusi əməliyyatda iştirakımıza gəlincə, biz orda iştirak edirik. Biz bunu gizlətmirik. Amma biz heç kəsi öldürmürük. Biz öz hərbçilərimizi heç yerə göndərmirik. Biz öz öhdəliklərimizi pozmuruq”.

Lukaşenkanın sözlərinə görə Minskin bu iştirakından məqsəd “münaqişənin Belarus ərazisinə yayılmasına və ya xüsusi əməliyyat bəhanəsi ilə Polşa, Litva və Latviyadan Belarusa zərbə endirilməsinə yol verməməkdir”.

Belarus başçısı daha sonra deyib:

"Dediyim kimi, Belarusdan heç kim rusların kürəyinə atəş açmayacaq. Budur bizim iştirakımız”.

Buna da bax: Zelenski Putinlə danışıqlardan imtina fərmanı imzalayıb

Rəsmən iştirak etməsə də

Belarus ordusu rəsmən Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsində iştirak etmir.

Lakin Lukaşenka Belarus ərazisindən Rusiya qoşunlarının keçidinə və onların müvəqqəti dislokasiyasına imkan yaradıb, Ukrayna ərazisinə Belarus ərazisindən də raket zərbələri endirilir.

Ukraynaya qarşı müharibədə Moskvaya köməklik etdiyinə və öz ölkəsində həyata keçirdiyi repressiyalara görə ABŞ, Avropa İttifaqı və Britaniya Belarusa qarşı sanksiyalar elan ediblər.

Eyni zamanda Belarus vətəndaşları müharibədə Ukraynanın tərəfində döyüşürlər, lakin onların sayı məlum deyil.

Belarus müxalifətinin lideri Svyatlana Tixanovskaya demişdi ki, Ukraynada Rusiyaya qarşı 1500-dək belarus döyüşür.

Ukraynanın tərəfində döyüşənlərə vətəndaşlıq verilməsinə dair petisdiyada söhbət 2000-dək belarusdan gedirdi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əsirlərlə davranış: Azərbaycanla Ermənistan bir-birlərini hərbi cinayətdə günahlandırırlar