Lula da Silva yenidən Braziliya prezidenti seçilir

Luis İnasiu Lula da Silva

İki namizəd arasında səs fərqi 2 milyona yaxındır

Braziliyanın keçmiş prezidenti Luis İnasiu Lula da Silva seçkinin ikinci turunda indiki prezident Jair Bolsonarunu məğlub edib.

Ali Seçki Məhkəməsinin saytında yerləşdirilmiş nəticələrə görə, bülletenlərin 99 faizi sayılıb və Lula da Silva 50.8 faiz səs yığıb. Bolsonaru 49.2 faiz səs toplayıb. İki namizəd arasında səs fərqi 2 milyona yaxındır. Seçicilərin 80 faizi səsverməyə qatılıb.

Buna da bax: Qarabağdakı separatçı qurum Rusiyadan təhlükəsizliyə təminat istəyir

77 yaşlı Lula da Silva solçu Fəhlə partiyasının təsisçisidir. O, 2003-2011-ci illərdə Braziliya prezidenti olub. 2018-ci ildə korrupsiyada təqsirli bilindiyindən üçüncü müddətə seçkiyə qatıla bilməyib. Ona qarşı ittihamlar ötən ilin martında ləğv olunub.

Cənubi Amerikanın ən böyük iqtisadiyyatı olan Braziliya Rusiya, Çin, Hindistan və CAR-la birlikdə məhz da Silvanın prezidentliyi dövründə BRİKS beynəlxalq iqtisadi təşkilatını yaradıb.

Buna da bax: Ukrayna yenidən taxil ixracını dayandırmağa məcbur olduğunu bildirir

Da Silva mayda “Time” jurnalına müsahibəsində deyirdi ki, Rusiya Prezidenti Vladimir Putini Ukraynadakı müharibənin əsas günahkarı sayır. Onun sözlərinə görə, ABŞ, Avropa İttifaqı və Kiyev də münaqişəyə görə məsuliyyət daşıyır.

“ABŞ və Avropa İttifaqı deməliydilər ki, Ukrayna NATO-ya üzv olmayacaq, bu, problemi həll edərdi. Hərdən Ukrayna Prezidenti Volodimir Zelenskinin televiziya ilə çıxışına baxıram, alqışlara layiqdir, avropalı deputatlar onu ayaqüstü alqışlayırlar. Bu cavan da müharibəyə görə Putin kimi məsuliyyət daşıyır”, – o deyib.