Noyabrın 12-də selin Lənkəran rayonunda onlarla evə ziyan vurduğu bildirilir. Kənd sakinləri dəymiş ziyanla bağlı onlara heç bir kömək göstərilmədiyini deyirlər. Türkəkəran kənd sakini Əmirxan Ağayev bu barədə danışır: «Sel mənim evimi də yararsız hala salıb. Həyətdə 7 arı pətəyi var idi. Onlardan dördünü sel apardı. Evin zirzəmisində qab-qacaq var idi, onlar da məhv oldu. Meyvə ağacları yararsız hala düşüb. Haradasa təsərrüfatıma 7-8 min manat ziyan dəyib».
Zərərçəkən deyir ki, bu barədə yerli icra orqanlarına müraciət edib: «Gəlib baxmayıblar. Ev silkələnir. Hələ ki, əhəmiyyət verən yoxdur».
«Yolumuz da yararsızdır»
Ə.Ağayev kəndin problemlərindən biri kimi yol barədə də ürək yanğısı ilə danışır: «Yolumuz da yararsızdır. Asfalt yola çıxmaq üçün əziyyət çəkirik. Bir kilometr torpaq yoludur. Un kisəsinin yarısını həyat yoldaşım götürür, yarısını mən. Bir kilometr yolu gətiririk. Qar, yağış yağanda çətin olur. Uşaqlar dərsə gedə bilmirlər...».
Onun fikrincə, xüsusilə kəndin onun evi olan hissəsində yaşamaq çətindir. O, evlərin köçürülməsini təklif edir: «1992-ci ildən burdayam. Onda bu ərazidə tək mənim ailəm yaşayırdı. İndi evlərin sayı artıb. 20-yə yaxın ev seldən ziyan çəkib. Hər 2-3 ildən bir sel təkrar olur. Problemi həll etmirlər, ziyanı da ödəmək fikirləri yoxdur. Halbuki, bizim günahımız yoxdur. Kənd adamıyıq, qazancımız torpaqdandır, buna da sel imkan vermir. Bir gün sel bizi aparacaq».
«Beş dənə arı pətəyim var idi, sel üçünü aparıb»
Türkəkəran kəndinin başqa bir sakini Ədalət Abbasquluoğlu da ziyana görə onlara kömək ediləcəyinə inanmır: «Mal tövləsi yararsız hala düşüb. Toyuq-cücəni sel aparıb. Beş dənə arı pətəyim var idi, sel üçünü aparıb. Gəldilər baxdılar. Sonra özüm də zəng elədim. Dedilər, yenidən gəlib ziyanı qeydə alarıq. Gəlib çıxmadılar. Görün, feyxoa ağaclarının hamısını sıradan çıxardıb. Buna zəhmət çəkmişik. Ziyan çox dəyib. Mən belə görürəm ki, ziyanı nə qeydə almaq fikirləri var, nə də ödəmək».
«Yağış yağır, göllər dolur»
Onun fikrincə, əsas məsələ isə seli doğuran səbəbləri aradan qaldırmaqdır: «Pis odur ki, bu sel həmişə gəlir, ziyan vurur gedir. Dağ çayının üstündə süni göllər var. Yağış yağır, o göllər dolur. Nəticədə bəndlər partlayır, sel əmələ gətirir. O göllərin suyunu sentyabr ayında bir az boşaltsalar, belə olmaz. Problemi o göllər yaradır. Demişik, göstərmişik. Nəticə yoxdur. Dəymiş zərərlə bağlı bələdiyyəyə demişəm. O da deyir ki, əsas Fövqəladə Hallar Nazirliyidir. 2015-ci ildə sel daha güclü idi. Su inəyimi apardı. Onda da gəldilər, yazdılar heç bir köməklik göstərmədilər. Həmin sel aparan inəyi kreditlə götürmüşdüm. İndi də banka borcum qalıb».
«Yağış günahkar deyil»
Rayonun Bürcəli kənd sakini Səidə Mirzəyeva də onlara yardım göstərilmədiyini dilə gətirir: «Televizor, paltaryuyan maşın hamısı məhv oldu. Ötən ildə də ziyan dəymişdi, heç nə etmədilər. Dedim ki, yardım etməyəcəksinizsə nə üçün yazırsınız? Dedilər, yazırıq da...Yağış günahkar deyil. Kanalları təmizləmək lazımdır. Balıq yetişdirirlər, qoy yetişdirsinlər. Amma yağışı da nəzərə alsınlar. Bizim nə günahımız var?».
S.Mirzəyevanın qonşusu Xoşqədəm Babayeva da onlara yardım edəcəklərinə inanmır: «Sel 600 manatlıq televizorumu apardı, qabları apardı, qaldım belə. Eşitdim ki, hələ indi seldən zərərçəkmişlərin siyahısını dəqiqləşdirirlər. Halbuki, evimizdə olublar. Selin qarşısını alsınlar, onların köməyini istəmirik...».
Bələdiyyə sədri: «Əsasən 5 evə ziyan dəyib»
Selin basdığı bəzi kəndlərin daxil olduğu Xanbulan bələdiyyəsinin sədri Kazım Məmmədov da ziyanı dəqiqləşdirdiklərini deyir:
Sizin brauzer HTML5-i dəstəkləmir
«Hazırda zərər çəkmişlərin siyahısı hazırlanır. Əsasən 5 evə ziyan dəyib. Arı pətəyini dağ ərazilərdə saxlayırlar. Arıların məhv olması barədə bizdə məlumat yoxdur. Belə məlumat daxil olmayıb. Hazırlanmış siyahı icra hakimiyyəti aparatına təqdim olunur. Onlar da daxili imkanlar hesabına yardım edirlər. Təbii fəlakətin miqyası geniş olanda ölkə prezidenti bu barədə sərəncam verir. Bu sərəncama uyğun olaraq tədbirlər görülür».
Selə səbəb kimi balıq göllərinin daşması ilə bağlı gileylərə gəldikdə isə, rəsmilər bununla o qədər də razılaşmırlar. Onlar deyirlər ki, bu il ölkənin cənub bölgəsinə normadan artıq yağıntı düşüb.
Şikayətlərlə bağlı ayrıca Lənkəran Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyindən isə münasibət almaq cəhdlərimiz bir nəticə verməyib.