Noyabrın 12-si səhər saatlarından başlanan leysan yağışı Lənkəran rayonunun Bürcəli, Səpnəkəran, Yuxarı Nüvədi kəndlərində təhlükəli durum yaradıb.
Bunu AzadlıqRadiosuna həmin kəndlərin sakinləri bildiriblər.
Sakinlərin sözlərinə görə, Bürcəli kəndində üç ailə təxliyə edilib: «Bu kənd dağətəyidir, kənddən yuxarıda balıqçılıq məqsədilə çoxsaylı süni göllər yaradılıb. Göllər daşır və bu sular kəndə axır. Fövqəladə Hallar Nazirliyinin dəstələri, texnikası burada işləyir, amma yağış belə güclü davam edərsə, su basmanın qarşısını ala bilməyəcəklər».
Sakinlərin deməsinə görə, Astara rayonunun Kənarmeşə (keçmiş Telman), Qapçıməhəllə və Məscidməhəllə kəndlərində də həyətləri, evlərin zirzəmilərini su basıb.
«Subasmanın səbəbi yağışların normadan artıq düşməsidir», - deyə kənd sakinləri vurğulayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah noyabrın 13-də də Lənkəran-Astara zonasında leysan yağış gözlənir. Çaylarda suyun artacağı ehtimal edilir.
Xatırlatma
Ötən həftə, noyabrın 6-dan 7-nə keçən gecə cənub rayonlarına yağan leysan nəticəsində Astaraçay daşmışdı.
«Rayonun Rudəkənar kəndində həyətyanı sahələrin su ilə dolması səbəbiylə köməksiz vəziyyətdə qalmış 21 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda Astaraçay çayının Rudəkənar kəndindən keçən hissəsində bəndbərkitmə işləri aparılır», - deyə həmin vaxt Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilirdi.