Nə üçün rəsmi inflyasiya 13, artım isə 10 faiz olur? [rəylər]

"Qara gün üçün manat". Şerif. Karikatura.

Prezident İlham Əliyev fevralın 19-dan etibarən təqaüdlərin, müavinətlərin və bir sıra sahələrdə maaşların artırılması ilə bağlı 20-dən çox sərəncam imzalayıb.

Dünən martın 3-də də prezident dövlət büdcəsindən maliyyələşdirilən bir çox müəssisə və təşkilatlarda əməkhaqlarının 10 faiz artırılması ilə bağlı sərəncamlar verdi.

Bundan əvvəlki reportajlarda bu sərəncamlarla bağlı müstəqil ekspertlərin yanaşmalarını təqdim etmişdik.

Bəzi ekspertlər hesab edirlər ki, ölkə başçısının növbədənkənar prezident seçkiləri öncəsində belə qərarlar verməsi seçkidə səslərin əldə edilməsinə yönəlib. Onlar maaş, təqaüd və müavinətlərin artırılmasını təqdir etsələr də bu sərəncamların növbədənkənar seçkilər təyin edilməzdən öncə verilməli olduğunu düşünürlər.

Buna da bax: ‘Seçki-2018, namizədlər’: İlham Əliyev kimdir?

Amma hakimiyyətin tərəfdarları da deyir ki, prezident daimi olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətdə addımlar atır. Onların fikrincə, bu sərəncamlar qanunvericiliklə də ziddiyyət təşkil etmir.

Bu dəfə isə sərəncamların iqtisadi dəyərləndirilməsindən ötrü iqtisadçılara üz tutduq.

Əli Əlirzayev

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, iqtisadçı Əli Əlirzayev hesab edir ki, iki ildən bir, yaxud müntəzəm olaraq inflyasiyanın indeksləşməsi tədbirləri həyata keçirilməlidir. Ola bilməz ki, inkişaf getsin, amma həyat səviyyəsi yüksəlməsin:

“Mən Ümumi Daxili Məhsulun (ÜDM) artmasını, təkmilləşməsini, onun strukturunun formalaşmasını nəzərdə tuturam. İqtisadi artımın bir hissəsi də həyat səviyyəsinin yaxşılaşmasıdır. Ona görə də maaşların, təqaüdlərin artması tədbirləri olmalıdır. Əks təqdirdə, inkişafdan danışırıqsa, bunlarsız mümkün deyil. Amma bu artımların kimlər üçün az, kimlərdən ötrü çox olması da müzakirə edilməlidir. Orta təbəqə üçün 10 faiz artım götürülür”.

Buna da bax: Azərbaycanda maaş, təqaüd və müavinətlər adətən nə zaman artır? [video]

“Hər halda inkişafın göstəricisidir”

Bəs 10 faiz inflyasiyanın sürətinə adekvatdırmı sualına Əli Əlirzayev cavab verdi ki, inflyasiya aşağıdır və 10 faizi keçməyib. “Dövlət Statistika Komitəsi ötən il 13 faizə yaxın olduğu barədə açıqlama yaymışdı” replikasına onun cavabı belə oldu:

“Bəzi məhsullar üzrə çoxdur, amma digərləri üzrə aşağıdır. Elə məhsullar var ki, qiyməti tənzimlənir. İnkişaf gedirsə, alıcılıq qabiliyyəti, pulun miqdarı çoxalmalıdır. Amma inflyasiyanın bir ölçüsü olmalıdır. Azərbaycandakı inflyasiya iqtisadi artıma təsir edən ən əlverişli inflyasiyadır. Sadəcə, inflyasiyaya uyğun olaraq həyat şəraitini yaxşılaşdıran tədbirlər həyata keçirilirsə, bu, ağıllı siyasətdir. Mən 10 faiz artımı çox, yaxud az adlandırmazdım. İnstitut müəllimləri üçün 10 faiz yaxşı rəqəmdir, ancaq bizə tətbiq olunmur. Orta məktəb müəllimləri 200 manat alırsa, 20 manat artım olur. Pensiyalarda 7-8 manat artdı, inflyasiya da bu qədərdir. Sual olunur, 10 faiz hansı kateqoriyalarda artır, min manat maaş, yaxud təqaüdlərdə artırsa, bu yaxşıdır. Hər halda inkişafın göstəricisidir”.

Buna da bax: Hadı Rəcəbli: 'Biz hər deyilən fikrə görə addım atmırıq'

İqtisadçı hesab etmir ki, maaşların, təqaüdlərin artırılması seçki ilə əlaqədardır:

“Təbii ki, sərəncamlar 5 fevraldan sonra imzalanırsa (həmin gün Azərbaycan prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzaladı - AR), çoxları bunu seçki ilə bağlayacaq. Yanaşmalar müxtəlif ola bilər. Amma belə tədbirlər həmişə olub və bu, bir prosesdir. Qiymətlərdə dəyişiklik olursa, insanların xərci və tələbatı da çoxalır”.

Başqa bir iqtisadçı-alim Nazim Bəydəmirli isə hər ilin birinci rübündə büdcə təşkilatlarında çalışanların maaşlarının artırıldığını xatırladaraq bildirib ki, son 2 ildə artım az baş vermişdi. İqtisadçı hesab edir ki, inflyasiyanın təsirini azaltmaqdan ötrü onun səviyyəsində artımlar olur:

Buna da bax: 'Seçki ərəfəsində səxavət boğçası'

“Bu artımlar yetərli deyil”

“Eyni zamanda, pensiyaların orta hissəsinin artımını qanun tələb edir. Maaşların artırılması isə prezidentin sərəncamı ilə olmalıdır. Bu baxımdan son sərəncamları normal qarşılayıram. Amma bu artımlar yetərli deyil. Əslində, inflyasiya 15-16 faiz civarında oldu. Baxmayaraq ki, Dövlət Statistika Komitəsi rəqəmləri bir qədər endirdi. Amma dövlət qurumlarının bəziləri ikirəqəmli inflyasiyanın olduğunu etiraf etmişdilər”.

“Birinci növbədə inhisarçılıq aradan qaldırılmalıdır”

Nazim Bəydəmirli deyir ki, il ərazində dolların kursu sabit qalsa da, avro ilə bağlı bunu demək mümkün deyil:

Buna da bax: Sosial müavinətlər də 10 faiz artdı

Nazim Bəydəmirli

“Əgər ölkəyə idxal olunan məhsulların bir çoxunun Avropa məkanından gəldiyini nəzərə alsaq, ərzaq mallarının qiyməti artdı. Ona görə 10 faizlik artım yetərli sayıla bilməz.

Məsələ ondadır ki, təkcə maaş artımı ilə iqtisadiyyatı ayaqda saxlamaq olmaz. Birinci növbədə inhisarçılıq aradan qaldırılmalıdır, iş adamlarına daha çox gəlir əldə etmək üçün şərait yaradılmalıdır. Vəsaitləri paylamaqla insanları uzunmüddətli xoşbəxt etmək olmaz. Sadəcə, vətəndaşların şəraiti normal bazar iqtisadiyyatına uyğunlaşdırmalıdır ki, onlar işləyib gəlir əldə etsinlər”.