Macarıstan da İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq yandırdı

İsveç və Macarıstanın baş nazirləri Ulf Kristerson və Viktor Orban

Macarıstan parlamenti fevralın 26-da İsveçin NATO üzvlüyü üçün ərizəsini ratifikasiya edib.

Sənədin qəbul olunmasının leyhinə 188, əleyhinə 6 deputat səs verib.

Macarıstan parlamentinin İsveçin ərizəsini ratifikasiya edəcəyini daha əvvəl bu ölkənin baş naziri Viktor Orban demişdi.

O habelə deyib ki, belə bir qərar Macarıstanın “təhlükəsizliyini və müdafiəsini möhkəmləndirəcək”.

NATO-nun baş katibi Yens Stoltenberq Macarıstan parlamentinin qərarını alqışlayıb. O bu barədə X platformasında yazıb:

"İndi artıq bütün müttəfiqlər bu qərarı qəbul ediblər və İsveç NATO-nun 32-cü üzvü olacaq. İsveçin üzvlüyü bizim hamımızı daha güclü və daha qorumalı edəcək”.

Macarıstandan əvvəl İsveçin alyans üzvlüyünə Türkiyə parlamenti xeyir-dua vermişdi.

Prezident Rəcəb Tayyib Ərdoğan parlamentin ratifikasiya etdiyi qanunu bu ilin yanvarında imzalayıb.

Bundan sonra Viktor Orban demişdi ki, isveçli həmkarı Ulf Kristersonu onun ölkəsinin NATO üzvlüyü məsələsini müzakirə etmək üçün Budapeştə dəvət edir.

Krisrterson Dagens Nyheter qəzetinə demişdi ki, Macarıstanın baş naziri ilə görüşəcək, amma onunla İsveçin NATO üzvlüyü məsələsini müzakirə etmək niyyətində deyil:

“Viktor Orban təsdiq edib ki, Macarıstan İsveçin müraciətini ratifikasiya edəcək. O zaman biz də NATO üzvü olacağıq və onda danışmaq imkanımız olacaq”.

İsveç NATO üzvlüyünə 2022-ci ilin martında Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən dərhal sonra müraciət etmişdi. O da əvvəllər Finlandiya kimi neytrallıq siyasəti yürüdürdü. Finlandiya alyans üzvlüyü üçün razılığı 2023-cü ildə alıb.