Macarıstan ABŞ-ın ricasını Rusiyanın xeyrinə ‘yerə salıb’

Rusiya prezidenti Vladimir Putin (sağda) və Macarıstan baş naziri Viktor Orban arasında isti münasibətlər mövcuddur

Dövlət Departamentinin verdiyi xəbərə görə, Macarıstan ABŞ-ın onları ekstradisiya etmək ricasına rəğmən silah alverində şübhəli bilinən iki rusiyalını Rusiyaya göndərib.

Departamentin sözçüsü, xanım Heather Nauert noyabrın 27-də deyib ki, Birləşmiş Ştatlar Macarıstan hökumətinin ata-oğul Vladimir Lyubishin-ləri Rusiyaya vermək qərarından “məyusluq” keçirir.

Nauert deyib ki, Birləşmiş Ştatlarda Lyubishin-lərə qarşı çox sanballı dəlillər vardı. Bu iki şübhəlinin Rusiyada mühakimə olunub-olunmayacağı bəlli deyil.

Sözçü habelə deyib ki, Budapeştin bu qərarı “Macarıstan hökumətinin hüquq-mühafizə sahəsində əməkdaşlığa sadiqliyinə dair suallar doğurur”.

Nauert deyib: “Bu qərar bizim aramızdakı hüquq-mühafizə partnyorluğu ilə ziddiyyət təşkil edir, bu məsələ üzrə xüsusi xidmətlərimizin gördüyü birgə işi heçə endirir və Birləşmiş Ştatların, Macarıstanın vətəndaşlarına və dünyaya təhlükəni artırır”.