Nobelli məhbus Nərgiz Məhəmmədi həbsxana kamerasından məktub ötürüb

Nərgiz Məhəmmədi

İranda Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi Evin həbsxanasının kamerasından ötürdüyü məktubda iranlıları “dini rejimə qarşı mübarizənin davam etdirilməsinə” çağırır.

Məhəmmədinin 17 yaşlı qızı Kiana Rəhmani tərəfindən oxunmuş məktubda deyilir ki, “iranlılar demokratiya, azadlıq, insan haqları və bərabərlik tələb edirlər, amma bu milli tələblərin qarşısındakı əsas əngəl İslam Respublikasıdır”.

Fransızca yazılmış məktubda qeyd olunur ki, “İran xalqının şərəf və iftixarının bərpasına yönəlmiş bu proses qarşısıalınmazdır”.

Hicabdan imtinasına görə müalicəsinə imkan verilmir

İnsan haqları müdafiəçisi və siyasi məhbus Nərgiz Məhəmmədinin hicabdan imtinası ilə bağlı onun müalicə almasına ikinci dəfə icazə verilməyib.

2023-cü ilin Nobel Sülh mükafatına layiq görülmüş Məhəmmədinin Instagram səhifəsində oktyabrın 30-da yerləşdirilmiş postda deyilir ki, o ağ ciyərində və ürəyində olan problemlərlə bağlı xəstəxanaya köçürülməsi məqsədilə Tehrandakı Evin xəstəxanasının ofisinə gətirilib. Lakin burada onun xəstəxanaya köçürülməsinə icazə verilməyib.

Xəbərlərdə deyilir ki, Məhəmmədinin məhbus yoldaşları onun müalicəsinə imkan verilməsi tələbi ilə həbsxana divarları arasında etiraz aksiyası keçiriblər.

Bundan əvvəl oktyabrın 14-də həbsxana rəhbərliyi Məhəmmədiyə tibbi xidmət göstərilməsinə imkan verməmişdi. Buna səbəb Məhəmmədinin icbari hicab qaydasına əməl etməkdən imtina etməsi idi.

Bütün dünyada “Qadın, Həyat, Azadlıq” hərəkatının mübariz davamçısı kimi tanınan Məhəmmədi oktyabrın 6-da 2023-cü il üçün Nobel Sülh Mükafatına layiq görülüb.

Buna da bax: İranda yeniyetmə qızın dəfnində həbslər və etirazlar olub

8 ildir ki, ailəsi ilə görüşünə icazə verlmir

O uzun illər İran qadınları üçün məcburi olan hicab qaydasına, habelə İranda qadınlara qoyulmuş qadağan və məhdudiyyətlərə qarşı etiraz səsini ucaldıb.

Məhəmmədi qadın hüquqlarını müdafiə etdiyinə görə 13 dəfə həbs, 5 dəfə məhkum edilib və ona üst-üstə 31 il iş və 154 şallaq cəzası kəsilib.

Onun 30 oktyabr tarixli Instagram postunda deyilirdi:

"Prokuror onun hicab qaydasına əməl edənədək müalicə müəssisəsinə köçürülməsini qəti qadağan edib”.

Məhəmmədi hicab qaydasının pozulması ilə bağlı faciəli sonluq yaşamış Məhsa ƏminiArmita Gəravəndin ölümlərinə görə ölkənin dini rəhbərliyini ittiham edir.

Məhəmmədi hazırda Tehranın Evin xəstəxanasında müxtəlif hökmlərlə 12 illik cəza çəkir.

Ona dövlətə qarşı təbliğat ittihamı da daxil müxtəlif ittihamlar irəli sürülüb. Məhbus qadın 8 ildir ki, ailə üzvləri ilə görüşə bilmir.