Ali Məhkəmə hakiminin qardaşı həbs edilmədi

Hakim Fərhad Kərimov

Ali Məhkəmənin hakimi Fərhad Kərimov keçmiş səhiyyə naziri Əli İnsanov, mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazandan sonra həbs olunan gənc fəal Bayram Məmmədov və bir sıra başqa ictimai-siyasi fəallar haqqında qərar verib. Fevralın 7-də həmin hakimin öz qardaşına – Mahir Kərimova hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 5 il 6 aylıq həbs cəzası kəsib.

Amma ona münasibətdə CM-in 70-ci (şərti məhkumluq) maddəsi tətbiq olunub və M.Kərimov həbs edilməyib. Başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçildiyindən, M.Kərimov istintaq və məhkəmə dövründə də həbsdə olmayıb.

O, «Fateh-N» tikinti şirkətinin direktoru kimi, bir mənzilin bir neçə nəfərə satılmasında, işçilərinin əmək haqlarının verilməməsində özünü qismən təqsirli bilir. Amma adamların aldadılmasına görə daha çox keçmiş deputat, İctimai Televiziyanın sabiq rəhbəri İsmayıl Ömərovun mərhum qardaşı Ələsgər Ömərovu günahlandırır. Ə.Ömərov 2012-ci ildə dünyasını dəyişib.

M.Kərimovun sözlərinə görə, şirkətin faktik sahibi də, idarə edəni də Ə.Ömərov olub və sadəcə, rəsmi sənədlərdə onun adı keçib: «Ələsgər dedi ki, başqa bir neçə şirkətin təsisçisi və sədri olduğu üçün burada rəsmi sənədlərdə adı keçə bilməz. Ona görə də mənim sənəd üzərində imzam olmasını istədi. Amma dedi ki, bütün işləri özü görəcək. Mən onu çoxdan tanıyırdım, buna görə razılıq verdim».