Makedoniyanın adının dəyişdirilməsi yolunda mühüm qərar qəbul edilib

Makedoniya parlamenti

Makedoniya parlamenti ölkənin adının dəyişdirilməsi istiqamətində həlledici addım atıb. Beləliklə keçmiş Yuqoslaviya respublikasının NATO və Avropa İttifaqına qoşulması yolunda əsas maneə aradan qaldırılıb.

Makedoniya parlamentinin 120 üzvündən 80-i oktyabrın 19-da ölkənin adının dəyişdirilərək Şimali Makedoniya olması üçün prosedur tədbirinin qəbul edilməsinə səs verib.

Prosedur tədbiri barədə məsələnin səsə qoyulması hökumətin ölkənin adının dəyişdirilməsi üçün təklifinin parlament səsverməsi zamanı perspektivinin bir növ göstəricisi olub. Ölkənin adının dəyişdirilməsi haqqında qanun gələn həftənin əvvəlində səsə qoyulacaq.

Ölkənin adının dəyişdirilməsinə dair qonşu Yunanıstanla əldə olunmuş razılaşma həm Makedoniya, həm də Yunanıstan millətçilərini qəzəbləndirmişdi.

Məsələ burasındadır ki, Yunanıstanın şimalındakı vilayət də Makedoniya adlanır və Afina qonşu ölkənin də bu adı daşımasına etiraz edirdi.

Buna baxmayaraq iki ölkənin liderləri bu ilin əvvəllərində Makedoniyanın adının dəyişdirilməsinə dair razılaşma əldə etmişdilər.

Bu razılaşmadan sonra sentyabrın 30-da keçirilən referendumda makedoniyalılar dəyişikliyə əksəriyyətlə səs veriblər. Amma referendumda səs verənlərin sayının kifayət qədər olmamasına görə səsvermə etibarsız elan edilib.

Makedoniyanın adının dəyişdirilməsi barədə razılaşmadan sonra Yunanıstan bu ölkənin NATO və Avropa İttifaqına qoşulmasına mane olmayacağını vəd edib.