Fransa Prezidenti Azərbaycan Prezidentinə zəng vurub 

Fransa prezidenti Emmanuel Macron

Avqustun 5-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, söhbətdə 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonrakı dövrdə regional məsələlər, sənədin həyata keçirilməsi, Ermənistan-Azərbaycan sərhədində vəziyyət, postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar :

" Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər. "

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Amma son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Artıq, tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir.Atəşkəsin pozulmasına görə, onlar bir-birlərini günahlandırırlar. Hətta, ölən və yaralananların olduğu da bildirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Fransa uzun müddət bu münaqişə ilə bağlı vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrlərindəndir. Digər həmsədrlər isə ABŞ və Rusiyadır.