Bunları ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Heritage" Fondunda çıxışı zamanı bildirib. "Azərbaycanın xarici siyasətinin sınaqları" mövzusunda məruzə edən Məmmədyarov bir daha bəyan edib ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.
Rambuyedəki danışıqlardan sonrakı vəziyyəti şərh edən nazir deyib ki, Azərbaycan münaqişənin tezliklə həllinə tərəfdardır. Bütün tərəflər bunda maraqlı olmalıdırlar. Lakin biz anlayırıq ki, regiona sülhün gəlməsini istəməyən qüvvələr də var: "Dünya dəyişib. Beynəlxalq münasibətlər dəyişib. Adamlar dəyişib. Və hamı anlamalıdır ki, sərhədlərin zorla dəyişdirilməsi qeyri-mümkündür. İnsanları torpaqlarından qovub, problemi həll etmək olmaz".
Elmar Məmmədyarov deyib ki, Azərbaycan problemin uzunmüddətli həllinin tapılmasına tərəfdardır. Lakin problemin həlli beynəlxalq qanunlara əsaslanmalıdır. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və heç kəs sərhədləri zorla dəyişdirə bilməz. Məmmədyarov bir daha bəyan edib ki, 2006-cı ildə münaqişənin həlli üçün imkan ola bilər.
Azərbaycanı ABŞ üçün əhəmiyyətli ölkə adlandıran Elmar Məmmədyarov bildirib ki, Azərbaycan ABŞ-ın regiondakı güclü tərəfdaşıdır.
Azərbaycanın İranla münasibətlərinə toxunarkən Məmmədyarov bildirib ki, İran Azərbaycanın qonşusudur. Bu ölkədə çox sayda azərbaycanlı yaşayır. İranla Azərbaycan arasında səmərəli iqtisadi əməkdaşlıq mövcuddur. İran Naxçıvanın problemlərinin həllinə yardım edir. Bütün bunları nəzərə alaraq İran ətrafında baş verənlər Azərbaycan üçün çox mühümdür: "Biz o fikirdəyik ki, İranla bağlı problemlərin həlli üçün diplomatik vasitələr hələ tükənməyib. Əgər müraciət olunarsa, Azərbaycan bu məsələdə hərtərəfli kömək göstərməyə hazırdır" – deyə Azərbaycanın xarici işlər naziri bildirib.
Aprelin 7-də cənab Məmmədyarov Vaşinqtonda ABŞ-ın dövlət katibi Kondoliza Raysla görüşür. Həmin görüşdə prezident İlham Əliyevin ABŞ-a səfərinin detallarının da müzakirəsi gözlənir.
Elmar Məmmədyarov həmçinin Konqresin İnsan Haqları üzrə Helsinki Komitəsinin həmsədri, senator Sam Braunbakla da bir araya gələcək.
/p>