Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Deripaskadan kredit alıbmış

Paul Manafort

Reuters xəbər verir ki, bu yaxınlarda açıqlanan məhkəmə sənədləri göstərir ki, ABŞ prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort rusiyalı milyarder Oleg Deripaskadan 10 milyon dollar məbləğində kredit alıbmış.

Onların arasında əlaqə olması barədə faktlar iyunun 27-də açılıb.

Məlumata görə, Manafort və onun xanımına aid şirkətin vergi bəyannaməsi göstərir ki, onlar Deripaskadan kredit götürüblər.

Rusiyanın metallurgiya maqnatı Deripaska prezident Vladimir Putinin yaxın adamlarındandır və bu il ABŞ-ın sanksiyalarına düşüb.

Oleg Deripaska

ABŞ Federal Təhqiqat Mürosunun agentləri 2017-ci ilin iyulunda Manafortun evində reyd keçiriblər.

Buna da bax: "Trump-ın keçmiş kampaniya rəhbərini ev məhbusluğundan azad etməyiblər".

Məlumatlara görə Manafort vaxtilə Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukovichə məsləhətçilik edib, konkret 2004-2010-cu illərdə keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç və onun“Regionlar partiyası”nın seçkiqabağı kampaniyasının müşaviri olub.

Reuters yazır ki, bu yaxınlarda açıqlanan məhkəmə sənədləri göstərir ki, Deripaska onun bu yöndə fəaliyyətini dəstəkləyən admlardan biri imiş.

Manaforta qarşı ittihamlar Rusiyanın ABŞ seçkisinə mümkün müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller-in təhqiqatından qaynaqlanıb.