İlin sonu yaxınlaşdıqca, ekspertlərin də proqnozlaşdırdığı kimi manata təzyiqlər artmaqda, manat ucuzlaşmaqdadır.
Dolların yenidən bahalanması oktyabrın 19-dan 1,5969 manat məzənnə ilə başlayıb. Bu gün noyabrın 8-də 1 dollar 1,6782 manata çatıb.
İlin sonunun yaxınlaşması ilə Dövlət Neft Fondunun (DNF) dövlət büdcəsinə transfert öhdəlikləri də başa çatır.
Hökumətin iki yolu qalır...
Ekspertlərin fikrincə, valyutaya aylıq tələbat 1-1,5 milyard dollardır. Sentyabrda dollara tələbat 1 milyard 321 milyon 57 min təşkil edib. Ona görə ilin sonunadək tələbatı ödəməkdən ötrü daha 2-2,5 milyard dollar lazımdır.
Buna da bax: Valyuta bazarının müvəqqəti sabitliyinin səbəbi üzə çıxıb?
Azərbaycan Mərkəzi Bankın (AMB) valyuta ehtiyatları oktyabrda 127 milyon dollar azalaraq, 4 milyard 5 milyon 500 min olub. DNF isə oktyabrda hərraclarda 371 milyon dollar satıb.
Kəskin devalvasiya?
Beləliklə, hökumətin iki yolu qalır – kəskin devalvasiya və ya hərracda əlavə valyuta çıxarmaq.
Ekspertlər hesab edir ki, fors-major vəziyyəti olmasa, hökumət kəskin devalvasiyaya getməyəcək. Məsələn, iqtisadçı Natiq Cəfərlinin fikrincə, kəskin devalvasiya bank sektorunu dağıdar.
“AMB yalnız manatın ucuzlaşmasını sürətləndirə bilər. ABŞ Federal Ehtiyat Sisteminin qərarı və Azərbaycanın tərəfdaşı olan ölkələrdə dolların məzənnəsindən çox şey asılı olacaq”, deyə o bildirib.
Buna da bax: Dollar ajiotajının səbəbi
N. Cəfərli hesab edir ki, ilin sonunda dollar 1,80-1,85 manat olacaq.
Neftin qiyməti
Digər iqtisadçı Samir Əliyev qeyd edib ki, DNF-nin ehtiyatları var və onları hərraca çıxara bilər.
“Hər şey neftin qiymətindən asılı olacaq. Amma hökumət valyutaya tələbatı azaltmaq üçün bir sıra addımlar atıb. 2018-ci ilin yanvarına kimi idxala məhdudiyyət bunların sırasındadır”, deyən S.Əliyev hesab edir ki, kəskin devalvasiya olmasa da, manatın ucuzlaşması güclənəcək. Onun fikrincə, bu mənfi tempin səbəbi DNF-də daha çox valyuta saxlamaq arzusudur.
Başqa bir iqtisadçı Qubad İbadoğlu da hesab edir ki, hökumət kəskin devalvasiyaya getməyəcək, DNF və AMB-nin vəsaitlərini xərcləyəcək.
Buna da bax: 'İndiki halda yalnız bir çıxış yolu var...'
“İstisna olunmur ki, dekabrda dollara tələbat noyabra nisbətən iki dəfə çox olacaq”, deyə o bildirib.
DNF 2016-cı ilin proqnozunu tam yerinə yetirsəydi...
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, DNF 2016-cı ilin proqnozunu tam yerinə yetirsəydi, manatın ucuzlaşması və ona təzyiq olmayacaqdı.
O, qeyd edib ki, 9 ayda DNF proqnoza 35,1 faiz əməl edib. 2016-cı ildə Fondun xərclər proqnozu 10 milyard 668,934 milyon manatdır. Bu il dövlət büdcəsinə transfertlər 7 milyard 615 milyon manat planlaşdırılıb.
Buna da bax: 'Dollar 2 manatı keçəndən sonra 4 manata da çata bilər'
“Fondun öhdəliklərini yerinə yetirmə tempi göstərir ki, ilin sonu üçün proqnoza əməl edilməyəcək. Əgər Fond 2 milyard dolları köçürsəydi, dollar qıtlığı olmazdı”, İ.Şaban deyib.
O qeyd edib ki, iqtisadiyyat neft dolları olmadığından geriləyir, hökumət isə bu cür hərəkətlərlə manevr imkanını azaldır.
“Əgər proqnoz 100 faiz icra edilsə və xərclərdən rasional istifadə edilsəydi, iqtisadi artım olardı. İqtisadi artım isə manata “üzməyə” kömək edir”, deyə İ.Şaban bildirib.