'Hökumət manatın möhkəmlənməsinin qarşısını alır'

4 il 4 aydır manatın kursu dəyişmir.

Artıq düz 4 il 4 aydır manatın kursu dəyişmir. 2015-2017-ci illərdə rəsmi kursu 0.7844 manatdan 1.7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1.7 manata təklif edilir.

Bəs bu vəziyyət nə vaxta qədər davam edəcək? Bunun xeyri və ziyanı nədir? Bu il neftin kəskin bahalaşması manatın möhkəmlənməsinə təsir edə bilərmi? AzadlıqRadiosunun bu və ya digər suallarına cavabda ekspertlərin yanaşmaları haçalanır.

İqtisadçı-deputat Vüqar Bayramovun sözlərinə görə, pul-kredit siyasətinin istiqamətləri bir daha təsdiq edir ki, Mərkəzi Bank manatın möhkəmlənməsinin deyil, mövcud kursun qorunub saxlanılmasında maraqlıdır. Baxmayaraq ki, ölkəyə daxil olan valyutanın həcmində artımlar var: "Xüsusən neftin dünya bazar qiymətinin yüksək olması ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır".

"Manatın möhkəmlənəcəyini güman etmirik"

İqtisadçı hesab edir ki, indiki halda prioritet manatın möhkəmlənməsi və ya dolların manata nisbətən məzənnəsinin aşağı düşməsi deyil: "Mövcud məzənnənin qorunub saxlanılması Mərkəzi Bank üçün prioritetdir. Biz bu kontekstdən hətta neftin dünya bazar qiymətinin hələ də yüksək olmasına baxmayaraq, manatın məzənnəsinin möhkəmlənəcəyini güman etmirik".

V.Bayramov

Manatın kursunun saxlanılmasının fayda və ziyanlı tərəfinə gəldikdə, V.Bayramov deyib: "Bu, xüsusilə investisiya qoyuluşları, yığımlar, o cümlədən, depozitlərin strukturunda əmanətlərin payının artırılmasına təsir edir. Bununla belə, milli valyutanın məzənnəsi qeyri-neft sektorunun ixrac imkanları baxımından vacibdir".

Ancaq o, mərhələli şəkildə liberal və ya üzən məzənnə rejiminə keçilməsinin tərəfdarı olduğunu söyləyib: "Çünki bu keçid qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir. İqtisadi diversifikasiya bütövlükdə qeyri-neft sektorunun payının artırılmasına əsas prioritet olaraq müəyyənləşdirilib. Ona görə də gələcəkdə Mərkəzi Bank tərəfindən liberal məzənnə siyasətinin mərhələli şəkildə tətbiq olunması məqsədəuyğun olardı".

Buna da bax: Hesablama Palatası dövlət qurumlarına subsidiyaların aramsız artışından narahatdır

"Vəsaitlərin bir hissəsi bazara daxil olmur"

"Azərbaycanda dollar ucuzlaşa bilərmi" sualına V.Bayramovun cavabı belə olub: "Burda manatın məzənnəsinin dollara nisbətən dəyişməsindən söhbət gedir. O baxımdan manatın məzənnəsinin möhkəmlənməsi Mərkəzi Bankın pul-kredit siyasətinin istiqamətlərinə daxil deyil".

Onun fikrincə, ölkəyə daxil olan valyutanın həcminin artması fonunda manatın mövcud məzənnəsinin qorunub saxlanılmasının əsas səbəbi sterilizasiyadır: "Mərkəzi Banka daxil olan vəsaitlərin bir hissəsi aktiv olaraq saxlanılır, bazara daxil olmur. Mərkəzi Bank da mövcud məzənnə siyasəti çərçivəsində bazarda manat-dollar asılılığını qorumağa çalışır. Digər tərəfdən də, liberal məzənnə rejiminə keçid olmadığı üçün məzənnəni birbaşa Mərkəzi Bank müəyyənləşdirir".

R.Həsənov

"Ölkənin iqtisadi-maliyyə mühitini zəiflədir"

İqtisadçı Rəşad Həsənov da hesab edir ki, Azərbaycan manatının məzənnəsi daha çox enerji bazarlarında neftin-qazın qiymətinin dəyişməsindən formalaşır. Onun fikrincə, ona görə bugünkü şərtlər daxilində manatı indiki səviyyədə saxlamaq problem deyil.

R.Həsənov manatın indiki məzənnəsinin saxlanılmasının ziyanlarının olduğu qənaətindədir: "Ölkəyə investisiya gəlməməsinin birinci səbəbləri sırasına daxil olan məsələdir. Bu sabitlik investisiyanın cəlbediciliyi baxımından ölkənin iqtisadi-maliyyə mühitini zəiflədir. İkincisi, ölkə iqtisadiyyatının qabiliyyətini zəiflədir, çünki istehsal olunan məhsulların maya dəyəri manatla formalaşır... Ölkənin turizm sektoru da sabit məzənnə fonunda mərhələli şəkildə rəqabət qabiliyyətini itirir".

"Müsbət mənalı sosial effektləri…"

Amma o, sabit məzənnənin üstün tərəflərinin olduğunu da bildirir: "Olmayan rəqabətli fəaliyyət mühitində bu, xüsusilə də qiymətlərlə bağlı xarici şokların neytrallaşması baxımından bu gün hökumətin əlində olan yeganə alətdir. Nəzərə alın ki, Azərbaycan iqtisadiyyatı rəqabətli və ixrac qabiliyyətli deyil, bugünkü şərtlər baxımından müsbət mənalı sosial effektləri mənfi tərəfləri ilə müqayisədə daha üstündür".

Buna da bax: Hökumət vəsaitləri, əsasən, ilsonu xərcləyir

R.Həsənovun vurğulamasına görə, manatın kursu neftin qiymətindən asılıdır, amma bu, o demək deyil ki, məzənnə üzən rejimdə formalaşır: "Mərkəzi Bank xüsusilə 2017-ci ilin ikinci yarısından sonra manatın məzənnəsinin möhkəmlənməsinin qarşısını inzibati yolla aldı. O dövrdə ölkənin artıq üzən məzənnə rejimində olmadığı bildirilirdi. Baxmayaraq ki, hökumət uzun müddət bunun üzərində dayandı. Yalnız 2020-ci ilin martında manatın ucuzlaşması ilə bağlı ciddi risk yaranmışdı, bunu da müəyyən mənada neytrallaşdırdılar, çünki yığım edə bilmişdilər. Yəni, hökumət inzibati qaydada manatın möhkəmlənməsinin qarşısını alır".

"Azərbaycanda dolların ucuzlaşması mümkün deyil"

İqtisadçı indiki gedişatla dolların ucuzlaşmasını istisna edir: "Azərbaycanda dolların ucuzlaşması mümkün deyil. Ona görə ki, hökumət manatın məzənnəsini birbaşa dollara bağlayıb. Dollar digər valyutalara nisbətdə ucuzlaşırsa, manat da ucuzlaşır. Dollar eyni gedişlə möhkəmlənirsə, manat da möhkəmlənir. Yəni, birmənalı şəkildə fiziki qaydada Azərbaycan manatının məzənnəsi dollarla müəyyən olunur, digər valyuta növlərinə münasibətdə isə çarpaz məzənnə üsulundan istifadə edirlər".

Xatırlatma

2015-ci ildə Azərbaycanın milli valyutası olan manatın iki dəfə devalvasiyası baş verib. Nəticədə manat dollar qarşısında iki dəfədən çox dəyər itirib.