Məlumatda yazılıb ki, 2020-ci ilin yanvarın 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyinin beynəlxalq axtarışa verdiyi Maqsud Soltan oğlu Mahmudov bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub:
“Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib”
Hələlik, açıqlamaya Maqsud Mahmudovun özü və yaxınlarından münasibət almaq mümkün olmayıb.
Azərbaycanın beynəlxalq axtarışa verdiyi 52 yaşlı Maqsud Mahmudovun Ukraynada, hələ ötən ilin aprelində saxlandığı açıqlanmışdı. Onun 2019-cu ildən Ukraynaya gəldiyi və siğınacaq almaq istədiyi vurğulanırdı. Amma o, həmin vaxt Azərbaycana təhvil verilməmişdi.
M. Mahmudov ictimaiyyətə müxalifətin aksiyalarından tanış idi. O, müxalifətin təşkil etdiyi mitinqlərə gəlib, özünü hakimiyyətin müdafiəçisi kimi təqdim edirdi.
2019-cu ildə isə o, Azərbaycanı tərk etdikdən sonra həmin əməllərinə görə, üzr istəmiş və bunu məcburiyyətdən etdiyini bildirmişdi. M.Mahmudov beynəlxalq axtarışa verildikdən sonra da açıqlama yayaraq bunu əvvəlki hərəkətindən peşman olması və üzr istəməsinə cavab tədbiri kimi dəyərləndirmişdi.