Ötən il beynəlxalq axtarışa verilən və Ukraynada tutularaq Azərbaycana gətirilən işadamı Maqsud Mahmudovun məhkəməsi başlayır.
Bu barədə məlumatı "Turan"a Bakı Ağır Cinayətlər Məhkəməsindən də təsdiqləyiblər. İş hakim Faiq Qəniyevin icraatına verilib.
M.Mahmudov Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq -külli miqdarda ziyan vurmaqla törədildikdə) və 183.2.2-ci (Xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə təqsirləndirilir. İttihamlar sübuta yetirilmiş sayılarsa, ona 15 ilə qədər həbs cəzası verilə bilər.
Hələlik, ittihamlara M.Mahmudovun özü və yaxınlarından münasibət almaq mümkün olmayıb.
M.Mahmudov 2021-ci ilin sentyabrında Ukraynada tutularaq Azərbaycana gətirilib.
Xatırlatma
Bir sıra media orqanlarında 53-yaşlı M.Mahmudovun Ukraynada hələ ötən ilin aprelində saxlandığı açıqlanmışdı. Onun 2019-cu ildən Ukraynaya gəldiyi və siğınacaq almaq istədiyi vurğulanırdı. Amma o, həmin vaxt Azərbaycana təhvil verilməmişdi.
M.Mahmudov Azərbaycanda ictimaiyyətin fəal kəsiminə müxalifətin aksiyalarından tanış idi. O, müxalifətin təşkil etdiyi mitinqlərə gəlib, özünü hakimiyyətin müdafiəçisi kimi təqdim edirdi.
2019-cu ildə isə o, Azərbaycanı tərk etdikdən sonra həmin əməllərinə görə üzr istəmiş və bunu məcburiyyətdən etdiyini bildirmişdi. M.Mahmudov beynəlxalq axtarışa verildikdən sonra da açıqlama yayaraq bunu əvvəlki hərəkətindən peşman olması və üzr istəməsinə cavab tədbiri kimi dəyərləndirmişdi.