AP Mariupol teatrında 600 nəfərin öldürüldüyünü hesablayıb

Mariupolda dağıdılmış teatr binası

Ukrayna rəsmiləri teatrın martın 16-da vurulması nəticəsində bundan iki dəfə az, azı 300 nəfərin həlak olduğunu deyirdi

Mayın 5-də Rusiya Mariupoldakı Azovstal zavodundan dinc sakinlərin çıxarılması üçün üçgünlük günorta atəşkəsi elan edib. Bir gün öncə Ukrayna ordusu Azov dənizi sahilindəki bu liman şəhərində “qanlı döyüşlər” getdiyini bildirib.

Rusiyanın atəşkəs elanına skeptik yanaşma var, çünki öncəki atəşkəslər alınmayıb, Ukrayna Rusiya qüvvələrini hücumları davam etdirməkdə suçlayıb.

Buna da bax: NYT Rusiya generallarının qətlində ABŞ kəşfiyyatının rolundan yazır

“Hər şey əllə görülməlidir”

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 5-də deyib ki, ölkəsi öz tərəfindən Mariupolda atəşkəsi təmin etməyə hazırdır.

“Adamların sadəcə o zirzəmilərdən, yeraltı sığınacaqlardan çıxarılması vaxt alacaq. İndiki şərtlərdə zibili təmizləmək üçün ağır texnikadan da istifadə edə bilmirik. Hər şey əllə görülməlidir”, – Zelenski vurğulayıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays isə atəşkəs məsələsinə ehtiyatla yanaşaraq deyib ki, Moskva keçmişdə oxşar elanları dəfələrlə pozub.

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya qərbin Ukraynaya göndərdiyi silahları yolda vurmaqla hədələyir

“Azov” zavodu təslim etməyəcəyini deyir

Azov batalyonunun komandiri Denis Prokopenko zavodu heç vaxt təslim etməyəcəyinə and içib. Onun Telegram kanalında dediyinə görə, Rusiya qüvvələri zavodun ərazisinə daxil olanda ağır döyüşlər gedib. Prokopenko zavodda vəziyyətin çox çətin olduğunu, Ukrayna ordusunun özünü müdafiə etdiyini vurğulayıb.

Rusiya ilə hazırda dayanmış sülh danışıqlarında Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya isə AzadlıqRadiosu-na deyib ki, Ukrayna hakimiyyətinin zavodu müdafiə edənlərlə əlaqəsi var. Bundan öncə əlaqənin itdiyi haqda xəbərlər yayılmışdı.

Mayın 4-də Mariupoldan 344 qadın, uşaq, yaşlı sakin çıxarılıb. Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bunu “daha bir kiçik qələbə” adlandırıb.

Vereşçuk əməliyyata göstərdiyi dəstəyə görə BMT işçilərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkür edib. BMT Zaporojyedə 300-dən çox dinc sakinə humanitar yardım göstərildiyini təsdiqləyib.

Buna da bax: Azovstalda vəziyyətin son dərəcə ağır olduğu deyilir

Teatrda ölənlər

“Associated Press” agentliyi isə Mariupol teatrına Rusiyanın raket zərbəsində 600-dək adamın öldüyünü açıqlayıb. Ukrayna rəsmiləri sığınacağa çevrilmiş teatrın martın 16-da vurulması nəticəsində bundan iki dəfə az, azı 300 nəfərin həlak olduğunu deyirdi.

AP isə hadisədən sağ çıxan 23 nəfərin, xilasedicilərin, teatrın bomba sığınacağı kimi işinə yaxından bələd olanların dedikləri əsasında ölənlərin sayının azı iki dəfə çox olduğunu bildirir.

“Adamların hamısı dağıntılar altındadır, onları qazıb çıxaran olmayıb. Böyük kütləvi məzarlıqdır”, – hücumdan sağ çıxmış Oksana Syomina AP-yə deyib.

Buna da bax: Aİ Moldovaya hərbi dəstəyi gücləndirməyə boyun olur

Belarusdakı təlimlərin məqsədi

Ukraynanın şərqindəki Luhansk vilayətində son 24 saat ərzində Rusiya qüvvələrinin açdığı atəşdən beş dinc sakin həlak olub. Bunu vilayətin qubernatoru Sergey Qayday mayın 5-də deyib.

Mayın 4-də qonşu Belarusda irimiqyaslı təlimlər başlanıb. Britaniya Müdafiə Nazirliyinin mayın 5-də yaydığı məlumata görə, Rusiya Belarusdakı təlimlərin yaratdığı “təhdidi şişirtməyə”, bununla da Belarusla sərhəddəki Ukrayna qüvvələrinin ölkənin şərqindəki cəbhə zonasına göndərilməsini önləməyə çalışacaq.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sanksiyaları ilə üzləşib.