Mask: ‘Mənə səfeh deyirdilər’

İlon Mask

"Chrysler”in prezidenti Bob Luts Maskın avtoindustriyaya təsirini “inanılmaz” adlandırır

“The Financial Times” qəzeti “İlin adamı” seçdiyi milyarder İlon Maskla müsahibə dərc edib. Qəzet Maskın öz tənqidçilərinə alicənab yanaşmağa çalışdığını, amma illərlə ona şübhəylə yanaşanlarla mübarizədən məyusluğunu gizlətmədiyini yazır.

Artıq on ilə yaxındır Maskın Tesla şirkətinin Model S-i elektromobillərin stil və perfomansa görə ən yaxşılarla rəqabət apara bildiyini ortaya qoyub. Model 3 isə dörd ildir bu texnologiyanı daha geniş bazara çıxarıb. Bu illər ərzində Mask iflasdan qorunmağa çalışaraq təkbaşına elektromobil bazarı yaradıb.

Bu il Ford, Volkswagen, Mercedes-Benz elektrik avtomobilləri (EVs) istehsal edəcəklərini bildiriblər. Bu həftə isə Toyota EVs istehsalına 35 milyard dollar sərmayə qoyacağını bəyan edib.

Buna da bax: 10 varlının puluna...

“Paylarını əllərindən almayanacan...”

“Uzun müddət avtomobil industriyası Tesla-ya, mənə səfeh və fırıldaqçı deyib. Onlar elektrik avtomobillərinin özünü doğrultmayacağını, məsafə və perfomansın əldə olunmayacağını deyirdilər. Hətta buna nail olsan belə, heç kəs onları almazdı”, – Mask qəzetə müsahibəsində deyib.

Milyarder iqlim dəyişikliyi fəallarının avtomobil istehsalçılarını daha dayanıqlı texnologiyaya keçməyə inandırdığına inanır. Amma əsas səbəbin isə başqa olduğunu iddia edir: “Bazardakı paylarını əllərindən almayanacan reaksiya vermirdilər”.

Qəzet təkcə Maskın bu fikirdə olmadığını yazır. “General Motors”un keçmiş vitse sədri, hazırda “Chrysler”in prezidenti Bob Luts vaxtilə Tesla-nın bazarda qalacağına şübhə edirmiş. İndi isə Maskın avtoindustriyaya təsirini “inanılmaz” adlandırır.

Tesla-nın artıq Avropanın dəbdəbəli avtomobil bazarlarına ayaq açdığını vurğulayan Luts deyib: “Mercedes-Benz və BMW ona görə ondan belə qorxurlar”.

Buna da bax: SpaceX orbitə ilk mülki uçuşa start verib

Qalmaqalı əskik olmayan Mask

Qəzet Maskın 66.3 milyon izləyicisi olan Twitter hesabından dogikoyn adlı kriptovalyutanın təbliğində yararlandığını, eyni zamanda tənzimləyici orqanlarla mübarizəsini davam etdirdiyini yazır. Milyarder 2018-ci ildə tvitləri vasitəsilə qiymətli kağız bazarında fırıldağına 20 milyon dollar cərimə də ödəməli olub.

İndiyədək koronavirusdan 800 min amerikalı vəfat edib. Bu il 50 yaşını tamamlamış Mask isə Covid qadağalarını pisləyir. Onu yetərincə vergi ödəməməkdə qınayan siyasətçilər də Maskın hədəfindədir.

“The Financial Times” Maskın tənqidçilərinin çoxluğuna baxmayaraq, digər milyarderlərdən daha populyar olduğunu yazır. Özü isə bunun səbəbini məhsullarının məmnunluq yaratmasında görür.

“Mən adamları Marsa aparmağa, Starlink ilə informasiya azadlığını təmin etməyə, Tesla ilə dayanıqlı texnologiyanı sürətləndirməyə, adamları maşın sürmək əziyyətindən qurtarmağa çalışıram”, – o deyir.