Tramp Maskı hökumət səmərəliliyi idarəsinin başçısı təyin edir

Donald Tramp və İlon Mask

İş adamları İlon MaskVivek Ramasvami şişirdilmiş dövlət qulluğunda radikal dəyişikliklər təşəbbüsləri irəli sürəcək yeni aralıq struktura başçılıq edəcəklər.

Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) məqsədi şişirdilmiş dövlət aparatında ixtisarlar və onu yenidən təşkil etməkdir. Bunu ABŞ-da prezident seçilmiş Donald Tramp noyabrın 12-də deyib.

"Daha kiçik, az bürokratiyalı və daha səmərəli hökumət Müstəqillik Bəyannaməsinin 250-ci ildönümünə amerikalılar üçün gözəl bir hədiyyə olacaq", – Tramp bəyanatında belə deyib.

2026-cı ilin iyulunadək işini başa vuracaq idarə federal xidmətlərin yenidən qurulması və səmərəsiz xərclərin azaldılması, həddindən artıq dövlət bürokratiyasının hissə-hissə ləğvi ilə məşğul olacaq.

İ.Mask "SpaceX" və "Tesla" şirkətlərinin təsisçisidir.

"Roivan Sciences" əczaçılıq şirkətinin təsisçisi V.Ramasvami isə Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi irəli sürmüşdü. Onlar dövlət xərclərinin və iqtisadiyyatda dövlət tənzimlənməsinin azaldılması çağırışları ilə məşhurdurlar.

Yeni seçilmiş prezidentə dövlət büdcəsinin xərclərini 2 trilyon dollar həcmində azalda biləcəyini deyən İ.Maskın bunu necə edəcəyi bəlli deyil. İqtisadçılar xəbərdarlıq ediblər ki, Trampın söz verdiyi vergilərin azaldılması dövlət borcunun kəskin artımına səbəb ola bilər.

Üstəlik, Tramp müdafiə naziri vəzifəsinə "Fox News" telekanalının siyasi şərhçisi, İraq və Əfqanıstan müharibələri veteranı, 44 yaşlı Pit Heqsetin namizədliyini irəli sürüb.