Bakıda sexdəki yanğın-partlayışda ölənlərin sayı 9-a çatıb

Hadisə yeri

Sexdə yanğın-partlayış nəticəsində ölənlərin sayı 9-a çatıb.

Yanvarın 15-də Binəqədi rayonunda sexdə baş verən yanğın-partlayışla əlaqəli ölən şəxslərin sayı 9-a çatıb.

Fövqəladə Hallar Nazirliyi yanvarın 16-ı, günün ikinci yarısı bildirib ki, xilasedicilər axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədini tapıblar.

***

Fövqəladə Hallar Nazirliyinin (FİN) xilasediciləri Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə partlayışla əlaqədar yaranan dağıntılar altından daha bir nəfərin cəsədini tapıblar.

Bu barədə bu gün, yanvarın 16-da FHN Mətbuat xidməti məlumat yayıb.

Beləliklə, hadisə qurbanlarının sayı 8-ə çatıb.

FHN: Dağıntılar altından daha bir nəfərin cəsədi çıxarılıb, ölü sayı 7-ə çatıb

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar yaranan dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri daha bir nəfərin cəsədini çıxarıblar.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir

***

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç X platformasında Bakıda yanvarın 15-də baş vermiş partlayış və yanğının qurbanlarının doğmalarına, habelə Azərbaycan hakimiyyətinə başsağlığı verib:

“Bugün Bakıda baş vermiş partlayışdan kədərlənmişəm. Duyğularımı qurbanlara, onların doğmalarına və Azərbaycan hakimiyyətinə yetirirəm”.

***

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Meyitlərin dağıntılar altından aşkar olunaraq çıxarıldığı bildirilir.

Bu barədə məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən də təsdiqləyiblər.

***

Yanvarın 15-də Bakının Binəqədi rayonunda mebel sexində partlayışda 3 nəfər də ölüb.

Bu barədə isə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında bildirilir: “İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb...”

Açıqlamaya görə, faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb:

“Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib”.

+++

Yanvarın 15-də Binəqədi rayonunda sexdə partlayışda 24 nəfər xəsarət alıb. Bu barədə TƏBİB-dən bildirilib.

Onlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub.

Yanğının artıq məhdudlaşdırıldığı bildirilir.

+++

Yanvarın 15-də paytaxt Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğınla müşayiət olunan partlayış baş verdiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyindən deyilib ki, əraziyə onların müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yeri

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də “Turan”a bildirilib ki, yanğınla əlaqədar polis əməkdaşları əraziyə gətirilib.

Qurumdan qeyd olunub ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə deyilib ki, hadisə yerinə dərhal 15 təcili yardım briqadası cəlb olunub: "Əlavə məlumat veriləcək".

Hadisə yerində olan müxbirlərin verdiyi məlumata görə, çox sayda yaralananlar var.

Sumqayıtda isə mənzildə partlayış olub, xəsarət alanlar var...

Yanvarın 15-də Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında isə yanğınla müşayiət olunmayan partlayış baş verdiyi bildirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan mənzildə baş verib.

Nazirliyin açıqlamasına görə, bu, ilkin ehtimala görə, qaz sızması nəticəsində baş verib:

"Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, 4 nəfər xəsarət alıb".

Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Məsələ ilə bağlı, hələlik, zərərçəkən ailənin yaxınları ilə isə danışmaq mümkün olmayıb.