Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Mədəniyyət Nazirliyindən daxil olmuş məlumatlar əsasında səkkiz cinayət işi başlanıb.
Bu barədə "Turan"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bakı şəhəri, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxsləri, əsasən, dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında ittiham olunurlar.
Bildirilir ki, dörd şəxs barəsində dörd cinayət işi məhkəməyə göndərilib, bir iş üzrə dövlətə vurulmuş zərərin ödənilməsi təmin edildiyindən icraata xitam verilib, üç cinayət işi üzrə isə hazırda istintaq davam etdirilir.
Qanunazidd əməllər nəticəsində dövlət büdcəsinə vurulmuş 1 milyon 870 min manat zərərin 917 min manat hissəsinin istintaq dövründə ödənildiyi, zərərin qalan hissəsinin ödənilməsi istiqamətində işlər görüldüyü deyilir.
Xatırlatma
Mədəniyyət Nazirliyində 2020-ci ildə də mənimsəmə ilə bağlı həbslər olmuşdu.
Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs edilmişdilər. R.Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Z.Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilirdi.
R.Bayramov əvvəlcə 8 illik həbs cəzası alsa da, daha sonra cəzanın müddəti 4 il 6 aya endirilib.
Z.Sultanova da məhkəmə tərəfindən 11 illik həbs cəzası təyin olunsa da, daha sonra bu müddət yarıbayarı azaldılaraq 5 il 6 aya endirilib.