'Apteki olmayan Xızıda icra başçısının 3 villası var'

Bakı

Tədbirlər görülməsə, bank sektoruna inam tam sarsılacaq. Dolların məzənnəsi 2 manatı keçəcək.

Bunu "Bizim Yol" qəzetinə müsahibəsində bank sahəsi üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov deyib.

Ekspert deyib ki, banklardan əmanətlərin çıxarılması da artacaq:

"Problemli kreditlər böyüyəcək, əmanətlər azalacaq, müflisləşən bankların sayı artacaq. Xarici valyitada, xüsusilə dollarla ola kreditlərin məsələsi daha da kəskinləşəcək. Hələlik gələn il üçün bank sektorunda müsbət bir hal gözlənilən deyil".

Əkrəm Həsənov deyib ki, hazırda da banklardan əmanətlərin çıxarılmasında problemlər var:

Əkrəm Həsənov

"Hətta fəaliyyətdə olan bir çox banklar da əmanətləri qaytarmır. Böyük banklarımızın birində xarici vətəndaşın 1 milyondolları var, 3-4 aydır ki, bank əmanəti qaytarmaqdan imtina edib. Biz o bankı artıq məhkəməyə vermişik. Yaxınlarda adını açıqlayacağıq. Belə banklarımız və əmanətlərimiz çoxdur. Sadəcə vətəndaşlar əmanətlərini banklardan çıxara bilmirlər. Bu kimi hallarla bağlı xəbərlər yayılanda da, hamı gedib əmanətlərini çıxarmağa cəhd göstərəcək. Ona görə “cəhd göstərəcək” deyirəm ki, çünki banklar qaytarmırlar. Təbii ki, belə halda heç kim gedib o banka əmanət qoymaq istəməyəcək".

Prezident İlham Əliyevdən növbəti humanist addım

"Azərbaycan" qəzeti yazır ki, prezident İlham Əliyev vətəndaşların mənafeyini nəzərə almaqla Tarif Şurasına tapşırıq verib:

"İlham Əliyevin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif (qiymət) Şurasının iclasında əhali üçün tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovatsaatdan 300 kilovatsaata qaldırılıb".

Ilham Əiyev, Sabunçu rayonu - 25 noyabr 2016

Qəzet yazır ki, dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir:

"Hökumət azad iqtisadi münasibətlərə, azad rəqabətə, özəl mülkiyyətçiliyə və sahibkarlığın inkişafına zəruri kömək göstərməklə yanaşı, cəmiyyətdə himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni də nəzərdən qaçırmır".

"Gecələr Xızının əksər küçələri işıqsızdır, 90-ci illərdə biz oranı çıl-çıraq etmişdik"

Bunu "Yeni Müsavat" qəzetinə müsahibəsində Xızının keçmiş icra başçısı, sabiq deputat, YAP-ın qurucularından olan Maksim Musayev deyib.

Maksim Musayev bildirib ki, Xızıda həqiqətən yanacaqdoldurma məntəqəsi, aptek yoxdur:

"Təsəvvür edin ki, uşaq bağçası tikmişdik, indi o da yoxdur. Həqiqətdir ki, orada aptek yoxdur. Rayonun mərkəzində mağazalar var idi, sökdülər. 20 ildir ki, əhali maşınlarda satılan suyu pulla alır. Digər rayonlarla müqayisədə Xızı çox-çox geridə qalıb. Halbuki Bakı ilə 90 kilometr arası var. Xızıya şəhər statusu veriblər, büdcəsi xeyli çoxalıb. Amma küçələrin əksəriyyəti gecələr işıqsızdır. 90-ci illərdə biz oranın hamısını çıl-çıraq etmişdik. Hazırda Xızı şəhərində mal-qara küçələrdə “kef çəkir”.

Bakı, gecə

Maksim Musayev deyir ki, icra başçısı Xəzər Aslanov yalnız özünü fikirləşir:

"İcra başçısı olandan 3 villa tikdirib; birini Xızının mərkəzində, birini Şurabatda, birini də Altıağacda. Onun başı belə işlərə qarışıb. Bir də söküb dağıtmaqla məşğuldur. İşlədiyi beş ildə bir idman obyekti tikməyib. Axtarsan belə rayon respublikada tapmazsan. Bu, prezidentİlham Əliyevin siyasətinə olduqca zidd metoddur. Bu insan harada tikinti gedirsə, dərhal onu sökdürür. Kafe var ki, orada toyuq hini tikmək istəyiblər. Görən kimi deyib ki, məndən icazəsiz bunu niyə tikdirmisən? Müavinlərini göndərib həmin toyuq hinini dağıtdırıb".

Azərbaycanın ən böyük ticarət mərkəzləri bağlanır?

Azadlıq.info saytı yazır ki, bahalaşma tüğyan etdikcə, zərər görən təkcə sadə insanlar, əhalinin kasıb təbəqəsi, alıcılar olmur, bahalaşmanın dadını iş adamları da hiss edir.

Bakı, Sədərək ticarət mərkəzi

"Necə ki, ölkədə ilk devalvasiya baş verdiyində də ilk olaraq biznes adamları, ticarətçilər zərər gördü. Ticarət mərkəzlərində alver zəiflədi və bu səbəbdən də çox sayda mağaza fəaliyyətini dayandırmağa məcbur oldu, əksər ticarətçilər iflasa uğradılar. Ölkəmizin ən böyük bazarlarından olan “Binə” və “Sədərək” ticarət mərkəzlərindəki mağazaların yarıdan çoxusu bağlandı. Elə indi də həmin ticarət mərkəzlərində vəziyyət ürəkaçan deyil. Əvvəllər iynə atsan yerə düşməyən bazarlarda indi sanki lələ köçüb, yurdu qalıb. Mağaza sahibləri soyuqdan əllərini ovuşdura-ovuşdura gözlərini müştəri yoluna dikiblər. Kimisi oturduğu yerdə mürgüləyir, kimisi rəflərdə toz basmış malları təmizləyir, kimisi də nərd, domino oynayaraq günlərini yola verirlər. Əvvəllər alıcı əlindən tərpənmək mümkün olmayan sıralarda indi tək-tük insan gözə dəyir".