Yeni media qanununa etiraz (Video)

Jurnalistlər etiraz edir. 24 dekabr 2021

Bu gün, dekabrın 24-də bir qrup jurnalist Bakıda Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirib. Onlar ölkə parlamentində ikinci oxunuşdan keçən "Media haqqında" Qanun layihəsinə etiraz ediblər.

Jurnalist və reportyorlar Milli Məclisin binası qarşısına üzərənə "Müstəqil mətbuat" yazılmış qara lövhə gətiriblər. Orda qeyd edilib ki, bu, müstəqil mətbuatın başdaşıdır.

Aksiya iştirakçıları deputatlara üz tutaraq onlardan qanun layihəsini qəbul etməməyi istəyiblər. Onlar habelə, prezidentə müraciət ediblər ki, əgər qanun layihəsi parlamentdən keçərsə, onu təsdiqləməsin.

Jurnalistlərin sözlərinə görə, bu qanun layihəsi ölkədə media və ifadə azadlığını məhdudlaşdıracaq, onların fəaliyyətinə qanunsuz müdaxilələrə yol açacaq. "Bu, senzura və avtoritarizmdir, konstitusion hüquqlarımıza ziddir. Biz bu qanun layihəsinin hər bəndinə, hər nöqtəsinə qarşı çıxırıq", - aksiya iştirakçılarından reportyor Nurlan Qəhrəmanlı bildirib.

arqument.az saytının rəhbəri Şəmşad Ağa da deyib ki, "Media haqqında" Qanun layihəsi ictimai müzakirə olmadan parlamentə təqdim edilib: "Qanun layihəsi 8 ay gizlədilib, sonra isə Milli Məclisin komitəsinin müzakirəsinə çıxarılıb. Bu qanun layihəsini parlamentin saytından oxuduq".

Aksiya iştirakçıları bəyan edib ki, sözügedən qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına ziddir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qulu Məhərrəmli: "Jurnalistlər pula boyun əydilər"

Jurnalistlərdən Alya Yaqublu isə layihədə xüsusilə 21-ci maddənin üzərində dayanıb. Onun sözlərinə görə, bu maddə seçki pozuntularını gizli çəkib yaymağa maneədir.

Polis əməkdaşları jurnalistlərə plakatlar qaldırmağa imkan verməyib. Aksiya zamanı saxlanılan olmasa da, polis onları ərazidən uzaqlaşdırıb.

Aksiyada səslənən fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma media eksperti Ələsgər Məmmədlinin bildirməsinə görə, layihəni təqdim edənlərin ekspertlərlə müzakirələrində iradlardan bəzilərinin qəbul olunduğu, onların nəzərə alınacağı söylənilib.

"Media haqqında" yeni qanun layihəsində ölkədə jurnalistlərin reyestrinin yaradılması nəzərdə tutulur. Sənəddə Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi və digər məsələlər öz əksini tapıb.